...

ATƏT-in Minsk qrupunun həmsədri vasitəçilərin Azərbaycan prezidenti ilə görüşünü danışıqların davam etdirilməsi üçün bir fürsət kimi dəyərləndirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2009 22:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Rüstəmov / Həm Xankəndi, həm Yerevanda çox çətin danışıqlar olub. Lakin erməni tərəf və biz belə bir nəticəyə gəldik ki, danışıqları davam etdirmək lazımdır. Belə bir bəyanatla bu gün Bakıdakı mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza çıxış edib.
Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünə gəldikdə isə diplomat bu görüşü danışıqlar prosesinin davam etdirilməsi üçün fürsət kimi xarakterizə edib.
Azərbaycan  prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiki qəbul edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan rəhbərliyi ilə danışıqların davam etdirilməsi üçün Bakıya bu gün günorta gəliblər. Bundan öncə onlar Xankəndi və Yerevanda olublar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti