...

Danışıqlarda Dağlıq Qarabağın hər iki icmasının nümayəndələri iştirak etməlidir - Bernar Fasye

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2009 22:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Rüstəmov / Ermənistandakı görüşlərimiz zamanı bəyan etdik ki, Dağlıq Qarabağdakı rejim yox, müharibəyədək Dağlıq Qarabağda yaşayan insanlar gələcəkləri ilə bağlı debatlarda iştirak etməlidir. Belə bir bəyanatla bu gün Bakıda Trend müxbirinin sualını cavablandıran ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye çıxış edib. Diplomatın sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağın həm erməni, həm Azərbaycan icmasının nümayəndələri iştirak etməlidir.
Fasye həmçinin Azərbaycan tərəfinin BMT-yə təqdim etdiyi sənədlərlə bağlı həmsədrlərin birgə bəyanatına toxunub. Onun sözlərinə görə, bu bəyanat Azərbaycana qarşı yönəlməmişdir. "Bu bəyanat yalnız informasiya xarakterli olub" - deyə o vurğulayıb.
Fasyenin sözlərinə görə, ATƏT-in Minsk qrupu Helsinki yekun aktında yer alan üç prinsipə əsaslanır. "Bu, sərhədlərin toxunulmazlığı, xalqların öz müqəddaratını təyinetmə hüququ və münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyüdür. Bizim missiyamız da bu məqsədlərə danışıqlar yolu ilə çatmaqdan ibarətdir. Həmin sənəddə isə yalnız bir prinsip əks olunmuşdur" - deyə o bildirib.
Azərbaycan  prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiki qəbul edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan rəhbərliyi ilə danışıqların davam etdirilməsi üçün Bakıya bu gün günorta gəliblər. Bundan öncə onlar Xankəndi və Yerevanda olublar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti