Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir N.Abdullayeva /
"ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında narazılıqların aradan qaldırılması ilə bağlı irəliləyişə nail olmağa ümid edirlər", - ATƏT-in saytında yerləşdirilmiş vasitəçilər Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayzanın (ABŞ) birgə bəyanatında deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
ATƏT-in Minsk Qrupu həmsədrləri 27 fevral-3 mart tarixlərində Bakı, Dağlıq Qarabağ, Yerevan və yenidən Bakıya səfər edərək, Azərbaycan və Ermənistan prezidentləri, ölkələrin XİN, eləcə də "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyi ilə görüşüblər.
"Azərbaycan və Ermənistan prezidentləri görüşləri mütəmadi əsasda davam etdirmək niyyətlərini bildiriblər. Həmsədrlər iki prezidentin yaxın aylarda görüşünü təşkil etməyə çalışacaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsas prinsipləri çərçivəsində həll olunmamış məsələləri müzakirə edəcəklər", - bəyanatda deyilir.
"Münaqişənin sülh yolu ilə həllinə ən yaxın müddətdə nail olmaq üçün tərəflər arasında fikir ayrılıqlarının dəqiqləşdirilməsi və aradan qaldırılması üzrə danışıqlardakı irəliləyişi davam etdirməyə çalışacağıq", - diplomatlar qeyd edirlər.
Həmsədrlər həmçinin fevralın 26-da cəbhə xəttində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyası zamanı keçirilən monitorinqin gedişi zamanı atəşkəs rejiminin pozulması faktını da pisləyirlər. Həmsədrlər ötən il 30 nəfərin ölümü, 50 nəfərdən artıq insanın yaralanması, bu ilin əvvəlindən isə artıq 6 nəfərin ölümü ilə nəticələnən atəşkəs pozuntuları ilə bağlı təəssüflərini ifadə ediblər. Həmsədrlər tərəfləri, onların 2008-ci ilin dekabrında Helsinkidə ATƏT-in Nazirlər Şurasında qəbul edilmiş atəşkəs rejiminin möhkəmləndirilməsi haqda təklifini bir daha nəzərdən keçirməyə çağırırlar.