Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Tariverdiyeva /
ABŞ Dövlət katibi Hillari Klintonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Ağ Evdə keçirdiyi görüşlər bu ölkələrin prezidentləri arasında müzakirələrin əsasını qoyub. Bu barədə Dövlət katibi müavininin köməkçisi Metyu Brayza bildirib.
"Vaşinqtonda aparılan bugünkü müzakirələr prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında cümə axşamı Praqada aparılacaq konstruktiv müzakirələrin əsasını qoyub. Biz bu görüşdə əhəmiyyətli tərəqqinin əldə olunacağına və baza prinsipləri üzrə fikir ayrılıqlarının azalacağına ümid edirik", - deyə Trend -a Vaşinqtondan telefonla Brayza bildirib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dövlət katibi Hillari Klintonun dəvəti ilə Vaşinqtonda səfərdədirlər.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqların davam etdirilməsi üçün 7 may tarixində Praqada görüşəcəklər.
"Dövlət katibi Hillari Klintonun xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında aparılan bügünkü danışıqlar konstruktiv və isti atmosferdə keçib", - deyə Brayza bildirib.
Onun sözlərinə görə, Dövlət katibi ayrı-ayrılıqda keçirdiyi görüşlərdə Dağlıq Qarabağla bağlı sülh prosesində tərəqqini təmin etmək üçün ATƏT-in Minsk Qrupu çərçivəsində göstərilən səyləri dəstəkləyə biləcək hər şeyi etməyə hazır olduğunu qeyd edib
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.