Azərbaycan, Bakı, 20 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) BMT-nin İnkişaf Proqramı arasında çərşənbə günü birgə layihə imzalanıb.
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq 1999-cu ildən başlanıb. İndiki layihənin dəyəri 6 milyon 600 min dollardır. Layihənin reallaşdırılması müddətində ANAMA-nın minalardan mübarizə üzrə beynəlxalq mərkəzə çevrilməsi nəzərdə tutulub, çərşənbə günü imzalanma mərasimində ANAMA-nın direktoru Nazim İsmayılov bildirib.
"Azərbaycanda minalardan mübarizə üzrə potensialın daha da gücləndirilməsi və genişləndirilməsi" adlı birgə layihənin 3-cü mərhələsinin əsas məqsədi daha 3 il müddətində ANAMA-ya texniki dəstək, məsləhət, əlaqələndirmə və inkişaf üçün yardım göstərməkdir.
BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezatin ANAMA ilə əməkdaşlıq müddətində Azərbaycanda ərazilərin minalardan təmizlənməsi üzrə böyük işlər görüldüyünü deyib.
O qeyd edib ki, ANAMA elə təkmilləşdirilmiş qurumdur ki, onun fəaliyyəti başqa dövlətlərin müvafiq qurumları üçün nümunə ola bilər.
Layihə ANAMA-nın rəhbəri İsmayılov və BMT-nin İnkişaf Proqramının rəhbəri Puezatin tərəfindən imzalanıb.
İndiyədək cəmi 100 531 838 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 425 924-dür.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağcabədi, Ağstafa və Samux rayonlarında aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]