...

Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanacaq - həmtəsisçi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2009 15:14 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanacaq - həmtəsisçi

Azərbaycan, Bаkı, 03 iyun / Trend , müxbir A.Hüseynbala /

Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanacaq.

"İcmanın yenidən güclü formalaşdırılması ilə bütün dünyaya Dağlıq Qarabağın azərbaycanlı icmasının ermənilərlə bir yerdə yaşamaqdan imtina etmədiyinin sübut etmək mümkündür. Biz iki icmanın Qarabağda birgə yaşamasının tərəfdarıyıq. Sadəcə, ermənilər işğalçılıq iddialarından əl çəkməlidirlər", - çərşənbə günü Trend -a "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin həmtəsisçisi, millət vəkili Elman Məmmədov bildirib.

Trend -un arayışı: "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin iyunun 5-də qurultayı keçiriləcək. Qurultayda təşkilati məsələlər, o cümlədən strukturun yenidən formalaşdırılması məsələsi müzakirə ediləcək.

"Dağlıq Qarabağın Azərbaycanlı İcma"sının ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. Bəhmənov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında "Dağlıq Qarabağın Azərbaycanlı İcma"sını da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Məqsədimiz Dağlıq Qarabağın tarixi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Biz elə bir təbliğat aparmalıyıq ki, dünyanın hər yerində Azərbaycanın bir dənə terror təşkilatı olmadığı haqda aydın təsəvvür yaransın. Ancaq bütün dünyanı erməni terror təşkilatları əhatə edir", - birliyin həmtəsisçisi deyib.

Onun fikrincə, Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayının keçirilməsində əsas məqsəd yüksək səviyyədə təşkilatlanmaq, onun beynəlxalq aləmdəki nüfuzunu yüksəltməkdir.

"İcmanın artıq elə bir strukturu formalaşdırılmalıdır ki, onun beynəlxalq təşkilatlarda təbliğat aparmaq imkanları olsun. Biz həm də elə təşkilatlanmalıyıq ki, Dağlıq Qarabağın erməni icmasından güclü fəaliyyət göstərə bilək", - Məmmədov əlavə edib.

Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağın erməni icmasının ötən illərdə azərbaycanlı icmasına nisbətən yüksək səviyyədə təşkilatlandığını etiraf etmək lazımdır.

"Biz bundan nəticə çıxarmalıyıq. Ermənilər məhz yüksək səviyyədə təşkliatlanmağın hesabına indiyədək istədiklərinə nail olublar. Azərbaycanlı icması da artıq müdafiə mövqeyində durmamalıdır. İnformasiya, ideoloji təbliğat və təşviqat sahəsində hücum xarakterli mövqe tutmalıyıq, ermənilərin iç üzünü açıb dünyaya göstərməyi bacarmalıyıq", - həmtəsisçi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti