...

Azərbaycanda qeyri-hökumət təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həlli variantını müəyyən edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2009 12:58 (UTC +04:00)
Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər paketi hazırlayıb.
Azərbaycanda qeyri-hökumət təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həlli variantını müəyyən edib

Azərbaycan, Bakı, 12 avqust / Trend ,müxbir K.Zərbalıyeva /


Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər paketi hazırlayıb.
Birliyin çərşənbə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında təkliflər paketi barədə məlumat verilib.
Birliyin sədr müavini Əbdül Səfabəyli bildirib ki, təşkilatın siyasi araşdırmalar mərkəzi tərəfindən hazırlanmış "Şahmat" adlı təkliflər paketində Dağlıq Qarabağ münaqişəsinin optimal həlli yolu müəyyən edilib.
Birlik münaqişənin həlli yollarını ictimaiyyətə açıqlamağı məsləhət bilmir və bu barədə yalnız prezidentin məlumatlı olmasını vacib sayır.
"Tərəfimizdən hazırlanmış paketdə münaqişənin həlli üçün həyata keçirilməli olan tədbirlərin 90 faizi məxfidir və bundan yalnız prezident məlumatlı olmalıdır", - deyə Səfabəyli vurğulayıb.
O qeyd edib ki, Birliyin hazırladığı təkliflərlə münaqişənin həlli Ermənistan, İran, Rusiya, ABŞ, Türkiyə üçün də sərfəli olacaq.
Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.
Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi 2001-ci ilin fevralında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.




Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti