Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyətinin obyektiv qiymətləndirilməsinın tərəfdarıdır.
"Azərbaycan heç vaxt beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının təkliflərinə qarşı laqeyid olmayıb. Hər bir təklif Azərbaycanın imicinə və maraqlarına uyğun olmalıdır. Mədəni-tarixi abidələrin vəziyyətinin qiymətləndirilməsinə hər bir missiya obyektiv yanaşmalıdır", - çərşənbə axşamı jurnalistlərə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Səməd Seyidov bildirib.
Onun sözlərinə əsasən, Mədəniyyət Komitəsində və AŞ Nazirlər Komitəsində Azərbaycanın işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyəti məsələsi müzakirə edilir. "Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. İşğal ounmuş ərazilərdəki missiyalar da Azərbaycan ərazisindən keçməlidir", - Seyidov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]