...

Türkiyə-Ermənistan protokolunda əsas hədəf sərhədlərin açılmasıdır - türkiyəli millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2009 11:22 (UTC +04:00)
Türkiyənin ABŞ-dakı keçmiş səfiri, hazırda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Şükrü M.Elekdağ hesab edir ki, Türkiyə ilə Ermənistan arasında İsveçrənin vasitəsilə imzalanan protokolun əsas hədəfi iki ölkə arasında sərhədlərin açılmasıdır.
Türkiyə-Ermənistan protokolunda əsas hədəf sərhədlərin açılmasıdır - türkiyəli millət vəkili

ABŞ, Nyu - York , 24 sentyabr / Trend , müxbir K.Paşayeva /

Türkiyənin ABŞ-dakı keçmiş səfiri, hazırda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Şükrü M.Elekdağ hesab edir ki, Türkiyə ilə Ermənistan arasında İsveçrənin vasitəsilə imzalanan protokolun əsas hədəfi iki ölkə arasında sərhədlərin açılmasıdır. Bu haqda Türkiyənin Turkishforum portalı məlumat verib.

"Ermənistan iqtisadi baxımdan çökmək üzrə olduğu üçün, bu ölkəni əhali tərk etməkdədir. Ermənistan-Türkiyə arasında protokolun imzalanmasında əsas hədəf iki ölkə arasında sərhədlərin açılmasıdır", - deyə Elekdağ bildirib.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə və Ermənistan arasında avqustun 31-də İsveçrənin vasitəsilə imzalanan protokolun 10-11 oktyabrda parlamentlə müzakirə olunacağını bildirib.

Elekdağ hesab edir ki , Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması səbəbindən idxal və ixracının 80 faizini itirən Ermənistan Gürcüstan sərhədlərindən bir o qədər səmərəli istifadə edə bilmir.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın Türkiyəni "nəfəs borusu" kimi qəbul etməsi rəsmi Ankranın əlinə böyük fürsət verir.

"Ankaranın əlində Ermənistana qarşı böyük fürsət olmasına baxmayaraq, bu fürsətdən yetərincə istifadə etmir. Ankara bu fürsəti əldən verib", - deyə o qeyd edib.

Elekdağın fikrincə, Ermənistan bundan sonra da Türkiyəyə qarşı saxta soyqırım iddialarından əl çəkən deyil.

Xəbər lenti

Xəbər lenti