Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Litva Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin bu prinsip əsasında həlli üzrə çıxış edir. Bu barədə cümə günü Litva Seyminin vitse-spikeri Çeslovas Stankyaviçus bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Dağlıq Qarabağ problemi çox mürəkkəb münaqişədir və onun beynəlxalq prinsiplər çərçivəsində həll edilməsi lazımdır", - Stankyaviçus bildirib.
Vitse-spiker çərşənbə günü axşam Azərbaycana gəlib və Azərbaycanın Milli Məclisində görüşlər keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]