...

Vaşinqtonda keçirilmiş nüfuzlu konfransda Azərbaycan diqqət mərkəzində olub - Los-Ancelesdəki baş konsul Elin Süleymanov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 17:32 (UTC +04:00)
Fevralın 23-də Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz: təhlükəsizlik, energetika və ABŞ-ın maraqları" mövzusunda konfrans keçirilib.
Vaşinqtonda keçirilmiş nüfuzlu konfransda Azərbaycan diqqət mərkəzində olub - Los-Ancelesdəki baş konsul Elin Süleymanov

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir E.Tarıverdiyeva/

Fevralın 23-də Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz: təhlükəsizlik, energetika və ABŞ-ın maraqları" mövzusunda konfrans keçirilib.

Konfrans ABŞ ilə region ölkələri arasında qarşılıqlı münasibətlərə həsr edilib. Görüşün diqqət mərkəzində regionda lider sayılan Azərbaycan olub. Bu barədə Trend -a Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov məlumat verib.

"Belə mühüm mərkəzdə bu cür tədbirin keçirilməsi ABŞ-ın ümumilikdə həm regiona, həm də Azərbaycana qarşı ciddi marağının olmasından xəbər verir. Fikrimcə, konfransın məqsədlərindən biri də bu marağın lazımi səviyyədə saxlanmasıdır", - Süleymanov telefonla Vaşinqtondan bildirib.

Konfransda The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi istiqaməti üzrə rəhbəri, politoloq Ariel Koen, ARDNŞ-nin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, ABŞ Hərbi Kollecinin professoru Stiven Blank, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramı üzrə direktoru Fariz İsmayılzadə, ABŞ-nın Ceymstaun Fondunun böyük əməkdaşı Vladimir Sokor və digər tanınmış ekspertlər, politoloqlar, jurnalistlər və rəsmi şəxslər iştirak ediblər.

Konfrans iştirakçıları Cənubi Qafqazda vəziyyəti, ABŞ-ın regionda strateji, iqtisadi və enerji maraqlarını müzakirə ediblər.

Süleymanovun sözlərinə görə, amerikalı ekspertlərin çıxışının əsas mövzusu Azərbaycan olub. "Son illər ABŞ bizim regiona xüsusi diqqət yetirməyib, bundan əlavə, biz Birləşmiş Ştatların regiondakı vəziyyətdən kənarlaşmasını hiss etmişik, - o deyib. - Ümid edirik ki, Xəzər regionu hesabına Avropanın enerji resurslarının diversifikasiyası üzrə layihələrin dəstəklənməsi davam edəcək, lakin bundan ötrü işləmək lazımdır". 

Süleymanovun fikrincə, Avropa karbohidrogenlərin nəqli marşrutlarının diversifikasiyası üzrə layihələrin həyata keçirilməsində tələsməlidir, çünki Azərbaycan razılaşmanın bütün şərtlərini yerinə yetirib. Hazırda bu məsələdə maraqlı olan ölkələr nəticəyə nail olmaq üçün bu layihələri, o cümlədən "Nabukko" layihəsini dəstəkləməlidir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Süleymanovun sözlərinə görə, regionda ABŞ-ın ən etibarlı tərəfdaşlarından biri məhz Azərbaycandır. "Mən öz çıxışımda qeyd etdim ki, məhz Heydər Əliyevin rəhbərliyi, Süleyman Dəmirəl və Eduard Şevardndze kimi liderlərin əməkdaşlığı sayəsində regionda uzunmüddətli sabitliyin, Şərq-Qərb enerji dəhlizinin əsası qoyulub", - o deyib.

Süleymanovun sözlərinə görə, Azərbaycan tərəfindən çıxış edənlərin hamısı bildiriblər ki,   regionun gələcəyi üçün əsas təhlükəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması yaradır. Ekspertlərin hamısı bu fikrə gəliblər ki, Azərbaycanın maraqları nəzərə alınmadan Vaşinqtonun Ermənistan-Türkiyə protokollarının irəliləyişinə dair siyasəti uzaqgörən deyil. Onlar həmçinin ölkənin ərazi bütövlüyü nəzərə alınmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar olduqlarını bildiriblər. "Bu gün bu məsələnin başa düşülməsi artır və keçirilən konfransın dəyəri də ondadır ki, bu mövqe növbəti dəfə səslənib", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Daha bir konfrans iştirakçısı, Rusiya, Avrasiya və The Heritage Foundation-ın beynəlxalq enerji təhlükəsizliyi istiqaməti üzrə Ariel Koenin sözlərinə görə, bütün iştirakçılar etiraf ediblər ki, ABŞ-ın Cənubi Qafqazda iyirmi illik siyasəti Obama administrasiyasının sayəsində istiqamətini dəyişir.

"ABŞ-ın Cənubi Qafqazdakı proseslərə kifayət qədər cəlb olunmaması ilə bağlı ekspert cəmiyyətində, diplomatlar arasında və Konqres nümayəndələri arasında narahatlıq mövcuddur", - Koen Vaşinqtondan telefonla Trend -a deyib.

Onun sözlərinə görə, bu cür laqeydliyi sübut edən faktlardan biri ABŞ-ın daimi səfirinin səkkiz aydır Azərbaycanda olmamasıdır. "Konfransın Azərbaycandan olan iştirakçıları səfirin yoxluğunu Cənubi Qafqazın ABŞ üçün kifayət qədər prioritet olmamasının simptomlarından biri olduğunu deyərək, bununla bağlı öz narahatlıqlarını ifadə ediblər", - Koen deyib.

Konfransın ABŞ-dan olan iştirakçıları tərəfindən bildirilib ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması proseslərinin qarşılıqlı asılılığı ilə bağlı öz baxışlarına yenidən nəzər salmalıdır. "Konfransda həm azərbaycanlı, həm türkiyəli, həm də bir çox amerikalı ekspertlər bu proseslərin əlaqələndirilməsinin vacibliyindən danışıblar", - Koen deyib.

Onun sözlərinə görə, konfransda Rusiyanın bu layihə və mövzularda iştirakını dəstəkləyənlərlə Rusiyanın dost kimi Türkiyə ilə mövqeyini gücləndirməsi və Ankara-Vaşinqton əlaqələrini zəiflətmək istəməsini bildirən tərəflər arasında ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardımı barədə fikir ayrılığı yaranıb.

Konfransda həmçinin regionun enerji roluna xüsusi diqqət ayrılıb.

"Bir ekspert kimi mən hesab edirəm ki, Azərbaycan qazının Rusiya və İrana satışı Qərbin yanacaq almaqda maraqlı olan yeganə tərəf olmadığı barədə mesajdır. Lakin qaz satan tərəflər üçün qazın etibarlı bazarlarda reallaşdırılması mühümdür, buna görə də fikirləşirəm ki, Azərbaycanın Avropaya karbohidrogen alıcısı kimi marağı azalmayıb. Azərbaycan və Türkmənistanın Rusiya, Çin və İrana satdıqdan sonra "Nabukko" layihəsinə ayırmaq üçün kifayət qədər qazı qalır", - Koen deyib.

Onun sözlərinə görə, bundan əlavə, İraq və Misirdən də potensial qaz var.

"Mən avropalıları Xəzər regionu hesabına enerji resurslarının diversifikasiyası və geosiyasət məsələsindəki passivliyə görə tənqid etməkdən yorulmuram. Proses gedir, lakin yavaşdır. Rusiya və Qərb arasında hansısa rəqabət gedir və Türkiyənin bəzi çoxmənalı rolu "Nabukko" layihəsinin inkişafını zəiflədir. Türkiyə bir tərəfdən "Nabukko" üçün tranzit ölkə kimi, digər tərəfdən də Azərbaycan qazının alıcısı kimi öz-özü ilə rəqabət aparır", - Koen deyib.

Xəbər lenti

Xəbər lenti