...

Azərbaycan torpaqlarının işğalda olması ilə barışan deyil, bunu təcavüzkar Ermənistan dərk etməlidir - müdafiə naziri Səfər Əbiyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2010 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin gecikdirilməsi vəziyyətin kəskinləşməsinə şərait yaradır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Azərbaycan torpaqlarının işğalda olması ilə barışan deyil, bunu təcavüzkar Ermənistan dərk etməlidir. Problemin dinc şəkildə aradan qaldırılması üçün əslində beynəlxalq hüquqi baza çoxdan mövcuddur və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə məsələnin həlli üçün yetərlidir", - Əbiyev bildirib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əbiyev qonaqları son illər Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə əldə etdiyi yeniliklərlə məlumatlandıraraq bildirib ki, ölkəmiz Avropa strukturlarına inteqrasiya və NATO ilə əməkdaşlıq məsələlərinə ciddi önəm verir və bu istiqamətdə inkişaf getdikcə özünü parlaq şəkildə göstərir.

NATO-nun Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.

Xəbər lenti

Xəbər lenti