Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanlı politoloqlar yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişlə bağlı fikir ayrılıqlarına malikdir.
Politoloq Fikrət Sadıqovun fikrincə, regionda vəziyyət dəyişir. "Ermənistan yaxın aylarda yenilənmiş "Madrid prinsipləri" ilə bağlı öz mövqeyini açıq bildirməli olacaq. Çünki onu buna Vaşinqton və Moskva sövq edəcək", - o, bu gün Politoloqlar Klubunun keçirdiyi "dəyirmi masa"da bildirib.
Politoloq Rasim Ağayev hesab edir ki, Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması yeni mərhələyə keçib. "Əgər əvvəllər ABŞ və Rusiya arasında mövqe ayrılığı müşahidə olunurdusa, hazırda hər iki tərəf Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində həmfikirdir. Azərbaycan bu problemi öz gücü ilə həll etməlidir", - o deyib.
Politoloqlar Arif Yunus və Zərdüşt Əlizadə yaxın vaxtlarda münaqişənin həlli prosesində radikal dəyişikliklər gözləmir. "Hazırda ABŞ üçün Dağlıq Qarabağ məsələsi digər məsələlərdən fərqli olaraq o qədər də əhəmiyyətli deyil; odur ki, onlar tərəfdən böyük təşəbbüslər gözləməyə dəyməz", - Yunus ehtimal edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.