Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/
MDB-nin mayın 8-nə planlaşdırılan qeyri-rəsmi sammitində baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Ermənistan yenilənmiş Madrid prinsiplərinə razılıq verərsə, böyük sülh sazişi mərhələsi başlayacaq. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
"Ermənistan tərəfi sənədə imza atmazsa, yenilənmiş Madrid prinsipləri BMT-nin Təhlükəsizlik Şurasına təqdim oluna bilər və burada Dağlıq Qarabağla bağlı beşinci qətnamə qəbul oluna bilər", - Əhmədoğlu deyib.
Politoloqun fikrincə, əgər bu da mümkün olmazsa, o zaman Azərbaycanın müharibədən başqa variantı olmayacaq.
"Azərbaycan Prezidenti əlindən gələni etdi ki, münaqişə sülh yolu ilə həll olunsun və bundan sonra müharibənin məsuliyyəti Ermənistan, ABŞ, Fransa və Rusiyanın üzərinə düşür", - Əhmədoğlu hesab edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.