Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağ münaqişəsi iə bağlı Qərbin ikili standartlarından sonra, Azərbaycan rəhbərliyi özünün xarici siyasətində əsaslı dəyişikliklər etdi. Bununla da Azərbaycan xarici siyasətində ciddi dönüş yarandı, - Trend-in məlumatına görə, bunu Təl-Əviv şəhərində "Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda beynəlxalq konfransda məruzəsi zamanı amerikalı politoloq-jurnalist, Cənubi Qafqaz üzrə mütəxəssis Samson Katsman deyib.
"Buna baxmayaraq xaricdəki, xüsusən də ABŞ-dakı erməni lobbisinin təsiri altında bu ölkənin bəzi rəhbərləri, eləcə də onların dostları Azərbaycana və Türkiyəyə təzyiqlərini davam etdirilər. Bu da normallaşma prosesinə ciddi maneə olur, eyni zamanda, yeni münaqişə ocaqlarının alovlanmasına gətirib çıxarır. Bunu Gürcüstanın timsalında daha aydın görmək olur", - Katsman əlavə edib. Məlumatı cümə axşamı Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.
Konfransda ABŞ, Almaniya, Gürcüstan, Ukrayna və Rusiyadan politoloqlar, jurnalistlər və ictimai xadimlər iştirak edirlər. Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycan - İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə komitənin sədri Nazim İbrahimov və Azərbaycan KİV nümayəndələri iştirak edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.