...

Ermənistanın son günlər atəşkəsi intensiv pozması onların danışıqlarda uduzması ilə əlaqədardır - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2010 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı politoloq hesab edir ki, Ermənistan tərəfindən son günlər atəşkəsin tez-tez pozulması ermənilərin danışıqlarda uduzması ilə əlaqədardır. Bu barədə çərşənbə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Ermənilər sadəcə olaraq danışıqlarda uduzublar. Ermənilər bacarsaydılar, imkan verməzdilər ki, ortada qəbul etmək üçün bir sənəd olsun. Lakin ortada bir sənəd var və bu, ermənilərin maraqlarına uyğun deyil. Ona görə də onlar çalışırlar ki, diqqəti yayındırsınlar", - Əhmədoğlu əlavə edib.

İyunun 18-də Azərbaycan hərbçiləri tərəfindən erməni təxribatının qarşısını almaq məqsədi ilə tədbir görülüb və nəticədə 4 erməni təxribatçısı öldürülüb, 4-ü yaralanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Politoloqun sözlərinə görə, ermənilər bütün dünyaya özlərini hərbi cəhətdən qüdrətli kimi təqdim ediblər.

"Özləri də öz yalanlarına inanıblar. Ona görə də diplomatiyada uduzduqlarına görə hərbə əl atırlar", - politoloq bildirib.

Əhmədoğlu qeyd edib ki, Azərbaycan kəşfiyyatçılarında erməni hərbçiləri tərəfindən Azərbaycana qarşı təxribat hazırlanması barədə dəqiq informasiya olub və həmin təxribatın qarşısını almaq məqsədi ilə həmin Ermənistan hərbçiləri neytrallaşdırılıb.

"Tək Azərbaycan hərbçisi 8 erməni təxribatçısını neytrallaşdırıb. Bu da ermənilərin hərbi gücü ilə bağlı dediklərinə cavabdır", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti