...

Almaniyanın "Aniland GmbH" şirkəti etiketi üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyi erməni konyakını daha satmır – səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2010 18:16 (UTC +04:00)
Almaniyanın "Aniland GmbH" şirkəti etiketi üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyi erməni konyakını daha satmır.
Almaniyanın "Aniland GmbH" şirkəti etiketi üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyi erməni konyakını daha satmır – səfirlik

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir S.Ağayeva/

Almaniyanın "Aniland GmbH" şirkəti etiketi üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyi erməni konyakını daha satmır. Bu barədə şirkət rəhbərliyinin Azərbaycanın Ştutqartdakı fəxri konsulluğunun müraciətinə cavabında deyilir.

Bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində Almaniyanın Haylbron (Heilbronn) şəhərində (Baden-Vürtemberq əyaləti) satışda olan Ermənistanda istehsal edilmiş konyakların etiketlərinin üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyinə dair məlumatla əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb. Azərbaycanın Ştuttqart şəhərindəki fəxri konsulluğu vasitəsilə sözügedən konyakların Almaniyada satışını həyata keçirən "Aniland GmbH" şirkətinə məktub göndərilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin səfirliyə istinadən yaydığı məlumatda qeyd edilib.

Şirkətdən daxil olmuş cavab məktubda "Aniland GmbH"nin özünü heç bir halda Qafqazda baş verən siyasi proseslərə qarışdırmaq istəmədiyi, bu səbəbdən 2010-cu ilin yanvar ayından etibarən şirkət tədarükçüsündən sözügedən konyakların etiketlərinin dəyişdirilməsini tələb etdiyi, həmçinin həmin konyakların 2010-cu ilin yanvar ayından etibarən satılmadığı, səhv etiketlənmiş konyakların Ermənistana geri göndərildiyi və gələcəkdə şirkət tərəfindən ancaq müvafiq etiketli konyakların satışının həyata keçiriləcəyi bildirilib", - məlumatda vurğulanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti