...

Azərbaycan Rusiya ilə Ermənistan arasında imzalanan hərbi sazişi araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2010 11:06 (UTC +04:00)
Azərbaycan tərəfi Rusiya ilə Ermənistan arasında imzalanan hərbi sazişi araşdırır.
Azərbaycan Rusiya ilə Ermənistan arasında imzalanan hərbi sazişi araşdırır

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan tərəfi Rusiya ilə Ermənistan arasında imzalanan hərbi sazişi araşdırır.

"Rusiya ilə Ermənistan arasında hər hansı bir saziş, hər hansı bir müqavilə iki dövlətin işidir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bütövlükdə, bölgədə adi və strateji silahların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələlər deyil, eyni zamanda, ATƏT-in Avropada təhlükəsizlik konsepsiyasına müvafiq olaraq "cinah sazişi" ilə nizamlanır. Hazırda bu kvotanı bizim hərbi mütəxəssislər, ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri hesablayırlar. Bunlar öyrənildikdən sonra, Azərbaycan hökuməti münasibət bildirəcək", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov öncə Trend-ə verdiyi açıqlamasında Bakının Rusiya tərəfinin Ermənistanda yerləşdirdiyi Rusiya hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağına ümid etdiyini bildirib.

Həsənov deyib ki, 1992-ci ildə ATƏT-in "cinah sazişi"nə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub; eləcə də sənəddə Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən, hərbi texnika, təyyarələr, tankların və digər maşınların miqdarı dəqiqləşdirilib - hər ölkə üçün kvota müəyyənləşib.

"Bu kvotaların kənarında neçə illərdir Dağlıq Qarabağda ATƏT-in nəzarətindən kənar silahlar və silahlı qüvvələr cəmlənib. Bunların heç bir nəzarəti, heç bir hesabatı aparılmır. Ermənistanın özünün silahlı qüvvələrinin kvotasına, eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir - yəni Rusiyanın Ermənistanda yerləşdirdiyi silahlar həmin kvotadan çox ola bilməz.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti