...

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz ötüşüb - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2010 14:15 (UTC +04:00)
Bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz ötüşüb - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gözlənildiyi kimi, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə günü Trend-ə bildirib ki, noyabrın 3-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiks və Xristo Xristov keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Uilyam Praroy və Jaslan Nurtazin keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti