Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsində vasitəçilik səylərinə görə Rusiyaya minnətdardır və ümid edir ki, bu problem tezliklə müsbət həllini tapacaq. Bunu Ermənistan prezidenti Serj Sarksyan çərşənbə günü Kremldə RF rəhbəri Dmitri Medvedevlə görüşündə bildirib.
"Səylərinizə görə sizə təşəkkür etmək istərdim. Rusiya həmişə Qafqazda mühüm rol oynayıb. Ümid edirəm ki, sizin səyləriniz tezliklə və müsbət nəticələnəcək", - Sarksyan deyib.
"Biz də bunu çox istəyirik", - Medvedev cavab verib.
Sarksyan əmin edib ki, Ermənistan Qafqazda sülhə və sabitliyə çalışır. Onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə və uzun müddətli həlli axtarışlarına səyi də məhz bununla əlaqədardır. RİA Novosti yazır.
İkitərəfli münasibətlərdən danışarkən prezidentlər deyiblər ki, onlar imtiyazlı xarakter daşıyır.
Medvedevin sözlərinə görə, o, erməni həmkarı ilə çox tez-tez görüşür. Bu da dövlət başçılarına ikitərəfli məsələlər, regional problemlər, "Dağlıq Qarabağ tənzimlənməsi barədə danışmaq, gələcəyə oriyentirləri müəyyən etmək" baxımından fikir mübadiləsi aparmağa imkan verir.
Sarksyan xatırladıb ki, avqustda Medvedevin Ermənistana rəsmi səfəri zamanı bir sıra mühüm sazişlərə nail olunub. "Biz o zaman razılığa gəldik ki, payızın sonlarında görüşək və bu sazişlərin həyata keçirilməsini yekunlaşdıraq", - Sarksyan deyib.