Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tariverdiyeva
Bu gün Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ ərazi mübahisəsi ətrafında baş verənləri sadəcə durğunluq adlandırmaq olmaz. Çox ehtimal ki, danışıqlardakı bu durğunluq mənfi meyldir. Əgər bir il əvvəl rəsmi Bakı vasitəçilərin səyləri və danışıqların davam etdirilməsi sayəsində danışıqlar prosesində hansısa irəliləyişə nail olunacağına ümid edirdisə, bu gün Yerevanın danışıqları ölü nöqtədən irəli aparmağa hazırlaşmadığı tamamilə aydın olur. Ermənistana status-kvonu qoruyub saxlamaq sərf edir, ölkədəki mürəkkəb daxili vəziyyəti və Ermənistan hakimiyyətinin səbatsızlığını nəzərə aldıqda isə Dağlıq Qarabağla bağlı danışıqlarda istənilən ən xırda irəliləyiş rejim üçün böyük problemlər yaradır. Ermənistan hakimiyyəti üzərində böyük təsirə malik olan erməni diasporu isə Serj Sarkisyana Azərbaycan torpaqlarının bir qarışının da işğaldan azad olunmasını bağışlamayacaq. Ona görə də rəsmi Yerevan ötən il Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin zərrə qədər də irəliləməməsi üçün hər şey etdi.
Bu baxımdan, həm rəsmi Bakının, həm də vasitəçilərin böyük ümid bəslədikləri ATƏT-in Astana sammiti böyük məyusluq yaratdı. Sammitdə Dağlıq Qarabağ ətrafındakı sülh prosesində heç bir həqiqi addımın atılmaması azmış kimi, Astanada Ermənistan-Azərbaycan ərazi mübahisəsinin müzakirələrinin ahəngi də darıxdırıcı idi.
Əlbəttə, sammit çərçivəsində qəbul edilən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin - Rusiya Prezidenti Dmitri Medvedev, Fransanın Baş naziri Fransua Fiyon, ABŞ dövlət katibi Hillari Klintonun, eləcə də Azərbaycan və Ermənistanın prezidentləri İlham Əliyev və Serj Sarkisyanın qəbul etdikləri birgə bəyannaməni müsbət məqam hesab etmək olar. Bəyannamədə bir daha Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə daha qətiyyətli səylərin zəruriliyi qeyd olunub.
2010-cu ilə yekun vurarkən münaqişənin nizamlanmasında gələn il irəliləyişin olacağını proqnozlaşdırmaq çətindir. Əlbəttə ki, danışıqlar davam edəcək, lakin onların nə dərəcədə səmərəli olacağı sual altındadır.
Vasitəçilərə gəldikdə, orası aydındır ki, Rusiya fəal danışıqların dəstəklənməsini davam etdirəcək, tərəflər arasında hansısa razılaşmanın əldə olunmasına nail olmaq üçün səyləri artıracaq. Lakin elçi kimi ABŞ-ın rolu ən azı əvvəlki səviyyədə qalacaq. Vaşinqton 2011-ci ildə Cənubi Qafqazda həlli yubanan ərazi mübahisəsindənsə ABŞ üçün ən zəruri və qlobal olan problemləri həll edəcək. Bu, Əfqanıstandakı NATO koalisiyası, maliyyə böhranının nəticələri və Ağ ev uğrunda mübarizənin başlanması məsələsidir.
Amma prosesdəki yeganə yenilik elçi kimi Avropa İttifaqının rolunu gücləndirməsi ola bilər.
Bunun üçün ilkin şərtlər var. Danışıqların əsas platforması münaqişə tərəflərini "Şərq tərəfdaşlığı" proqramında birləşdirən Aİ institutu ola bilər.
Ümumilikdə Avropa İttifaqı problemin həllində öz sözünü deyə bilər və Dağlıq Qarabaq münaqişəsinin nizamlanmasında daha mühüm rol oynaya bilər. Avropalı siyasətçilərin Cənubi Qafqazda sabitliyin əldə olunmasına marağını gücləndirən və regiondakı ərazi mübahisələrinin nizamlanması məsələsində Aİ paytaxtlarının səylərinin əlaqələndirilməsinin başlanğıcını qoymaqla Brüssel birləşdirici element ola bilər.
Aİ-nin rolunun ATƏTin Minsk qrupunun rolundan ayrılması məsələsi Fransa və ABŞ-dakı erməni diasporunun Dağlıq Qarabağ üzrə danışıqlarda rolunun güclənməsi ilə bağlı daha da aktual mövzuya çevrilir. Rusiya diasporundan fərqli olaraq, Qərbdəki erməni lobbisi ABŞ və Fransa hakimiyyətlərində qərarların qəbul edilməsində aktiv siyasi rol oynayır.
Bu mənada Aİ-nin Dağlıq Qarabağ nizamlanmasında Minsk qrupu ilə bərabər özünün siyasi iştirakını təmin etməsi daha səmərəli olardı. Qafqazın bütün ölkələrini eyni dərəcədə maraqlandıran Avropaya inteqrasiya layihəsi nəzərə alınarsa, Aİ-nin vasitəçiliyi daha effektiv olardı. Həyata keçirilməsinə regiondakı qeyri-sabitliyin mane olduğu layihə münaqişə tərəfləri, eləcə də Ermənistanla Azərnbaycan arasında dialoq üçün əsas ola bilərdi. Aİ nizamlanmanın fəal iştirakçısı olmaqla, münaqişənin reallıqları ilə daha yaxından tanış olmalıdır, çünki Avropanın bir çox liderləri Dağlıq Qarabağ münaqişəsinin nüansları ilə indiyədək yaxşı tanış deyillər və Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması faktını bilmirlər.