...

Mançesterdə Xocalı soyqırımının ildönümüylə əlaqədar yürüş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 04:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

25 fevral сümə günü Mançester Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən təşkil olunan Xocalının anım aksiyası böyük uğurla başa çatıb. Aksiya "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Mançester Azərbaycan Cəmiyyəti (Azerbaijani Society in Manchester) tərəfindən təşkil edilib. Bu barədə Trend-ə Cəmiyyətdən xəbər veriblər.

Saat 12.00-də başlayan aksiya Universitetin əsas binasının qarşısında 13.00 qədər davam edib. Nümayişdə 30-dan çox həmyerlimiz iştirak edib. Universitetin binasının qarşısından hər saat 8000-ə yaxın tələbə keçir. Aksiya gedişində Universitetin bütün dərs otaqlarından görünən meydanda gənclər qərənfillərlə yerə Xocalı sözünü yazmış və şəhidlərin ruhuna şam yandırmışlar.

Daha sonra dinc aksiya BBC telekanalının Mançesterdə yerləşən şimal qərərgahının qarşısında davam etdirilib. Burada da fəal olan həmyerlilərimiz "Xocalıya Ədalət"(Justice for Khojaly), "Azərbaycana Ədalət"(Justice for Azerbaijan), "Soyqırıma Yox"(No more Genocides) kimi şüarları səsləndiriblər.

Saat 14.00-da Azərbaycanlı tələbələr BBC-nin şimal qərərgahının önündən şəhərin mərkəzi - Piccadilly Gardens istiqamətində yürüş ediblər.

Aksiya nəticəsində 33 əcnəbi vətəndaş "Xocalıya Ədalət" bəyanatını imzalayaraq kampaniyaya dəstək olub.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti