Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir T.Hacıyev/
ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi obyektiv və təcrübəli şəxs olmalıdır. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet saytına açıqlamasında Milli Məclisin sədr müavini,ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
"ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyin olunması qurum sədrinin səlahiyyətində olan məsələdir. Azərbaycan tərəfinin isə mövqeyi ondan ibarətdir ki, yeni təyin olunacaq nümayəndə obyektiv insan olsun", - Muradova deyib.
O, bildirib ki, bu məsələ Azərbaycan nümayəndə heyəti tərəfindən təşkilatın qış sessiyasında müzakirə olunub.
"Hesab edirik ki, bu vəzifəyə çox obyektiv və təcrübəli bir şəxs təyin olunmalıdır. Eyni zamanda, yeni xüsusi məruzəçiyə hər iki tərəfin, o cümlədən qurumun rəhbərinin inamı olmalıdır. Bildiyiniz kimi, may ayında ATƏT PA-nın sədrinin Bakıya səfəri gözlənilir və həmin səfər ərəfəsində yeni xüsusi nümayəndənin kimliyi məlum ola bilər. Fikrimcə, ilk yarımildə bu təyinat müəyyənləşəcək", - Muradova vurğulayıb.
ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ötən ilin noyabrında həmin vəzifədən azad edilib. Lenmarker 2010-cu ilin sentyabrında İsveçdə keçirilən parlament seçkilərində məğlub olduğuna görə ATƏT PA-nın deputatı deyil.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.