...

Beynəlxalq təşkilatlar azərbaycanlı uşağın qətlə yetirilməsindən sonra susa bilməz - Rəbiyyət Aslanova

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 16:43 (UTC +04:00)
Azərbaycanlı körpə uşağın snayperlə vurulması bütün qanunlara, beynəlxalq hüquq normalarına zidd olan məqamdır.
Beynəlxalq təşkilatlar azərbaycanlı uşağın qətlə yetirilməsindən sonra susa bilməz - Rəbiyyət Aslanova

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı körpə uşağın snayperlə vurulması bütün qanunlara, beynəlxalq hüquq normalarına zidd olan məqamdır. Bunu Trend-ə cümə axşamı millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

"Buna birmənalı qiymət vermək lazımdır - artıq işğalçının fəaliyyətinə nəinki düzgün qiymət vermək, bunu dayandırmağın vaxtıdır. Baş vermiş hadisə həyəcan təbilinin çalınmasını vacib edir", - Aslanova qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bu hadisədən sonra artıq susa bilməz.

Aslanova bununla əlaqədar olaraq çox ciddi addımların atılması vaxtının gəlib çatdığını bildirib.

"Körpənin öldürülməsi haqlı olaraq bütün Azərbaycan xalqının hiddətinə səbəb olan bir məqamdır. Əgər Dağlıq Qarabağ probleminin həlli bütün beynəlxalq norma və prinsiplər əsasında gerçəkləşməyəcəksə, Azərbaycan xalqı artıq tam döyüşə hazırdır", - komitə sədri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti