Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Egemen Baxış çərşənbə günü fransız deputatlarını qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin Fransa Senatında müzakirə olunmasının qarşısını almağa çağırıb. Məlumatı Anadolu agentliyi yayıb.
"Siyasətçilər tarixçilərin rolunu öz üzərlərinə götürə bilməzlər", bu sözləri Baxış Fransa Milli Assambleyasında bir qrup deputatla görüşündə deyib.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib.
Baxış xatırladıb ki, Fransa sosialist deputatlarının bir qrupu sözügedən qanun layihəsini Senatın müzakirəsinə çıxarılmasını təklif edib. O qeyd edib ki, Türkiyə və Fransanın ikitərəfli münasibətlərində "ziddiyyətlər" artıq mövcuddur.
Baş müzakirəçi həmçinin fransız millət vəkillərini Azərbaycanla Emənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda fəal iştirak etməyə çağırıb.
"Fransanın Minsk Qrupunun həmsədri olmasını nəzərə almaqla, bu ölkənin siyasətçilərindən işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması, bir milyon azərbaycanlı qaçqına öz evlərinə qayıtmasına yardım göstərilməsi üzrə addımlar gözlənilir" deyə Baxış bildirib.