Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün təmas xəttində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən monitorinq baş tutub.
Müdafiə Nazirliyinin mətbuat ximətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 13-də Azərbaycanın Ağdam-Bərdə yolundakı təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.
Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdam rayonunun Orta Qərvənd kəndinə gəliblər.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçiriblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.