...

Milli Məclisin deputatı Ümumdünya Qadın Sammitində keçirdiyi görüşlərdə ermənilərin törətdiyi vandalizm aktlarından danışıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2011 22:28 (UTC +04:00)
Türkiyədə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili, AŞ PA-nın Qadın-kişi bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva sammitin prezidenti İrene Natividad, Vyetnamın vitse-prezidenti Nyuen Tşi Doan, Namibiyanın birinci xanımı Penexupifo Pohamba, Çin Qadınları Federasiyasının vitse-prezidenti Menq Xiosi, Mərakeşin Sosial İnkişaf, Ailə və Həmrəylik naziri Nouza Skalli, Türkiyənin Odalar və Borsalar Birliyi Qadın Qolları başqanı Aynur Bektaş ilə görüşüb.
Milli Məclisin deputatı Ümumdünya Qadın Sammitində keçirdiyi görüşlərdə ermənilərin törətdiyi vandalizm aktlarından danışıb

Azərbaycan, Bakı, 7 may /Trend/

Türkiyədə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili, AŞ PA-nın Qadın-kişi bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva sammitin prezidenti İrene Natividad, Vyetnamın vitse-prezidenti Nyuen Tşi Doan, Namibiyanın birinci xanımı Penexupifo Pohamba, Çin Qadınları Federasiyasının vitse-prezidenti Menq Xiosi, Mərakeşin Sosial İnkişaf, Ailə və Həmrəylik naziri Nouza Skalli, Türkiyənin Odalar və Borsalar Birliyi Qadın Qolları başqanı Aynur Bektaş ilə görüşüb.

Trend-in məlumatına görə, müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Millət vəkili sammit çərçivəsində keçirilən müzakirələr və müxtəlif ölkələrdən gəlmiş bir sıra nüfuzlu qadınlarla, millət vəkilləri, işgüzar xanımlar ilə görüşlərində onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumat verib.

Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr tətbiq etməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb.

Millət vəkili vurğulayıb ki, 19 il əvvəl mayın 8-də işğal olunan, Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi Şuşada azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların Ermənistan tərəfindən məhv edilməsi, bu şəhərin əsl sakinlərinin öz evlərinə dönməsinə imkan verilməməsi müasir dünyanın gözü qarşısında baş verən ən böyük barbarlıqdır və buna dünya ictimaiyyəti laqeyd qalmamalıdır. O, Ermənistan Silahlı Qüvvələrinin 8 Mart Beynəlxalq Qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini, ananın tək övladı olan Fariz Bədəlovu snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Xəbər lenti

Xəbər lenti