...

Ərazi bütövlüyü Serj Sarkisyanın düşüncəsində ayrı cürdüsə, onda Ermənistanın bir hissəsini başqa ölkəyə versin - Novruz Məmmədov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2011 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir S.Ağayeva/

Ərazi bütövlüyü Serj Sarkisyanın düşüncəsində başqa cürdürsə, onda Ermənistanın bir hissəsini bir ölkəyə, başqa bir hissəsini digər ölkəyə versin. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın "Moskovskiye Novosti" qəzetinə açıqlamasına münasibət bildirərkən deyib.

"Ermənistan prezidenti öz səviyyəsində düşündüyü üçün elə hesab edir ki, hamı onun kimi fikirləşməlidir. Əgər o, ərazi bütövlüyü prinsipini başa düşmürsə, burda başqalarının günahı yoxdur. Bizim üçün ərazi bütövlüyü prinsipi beynəlxalq sənədlərdə öz əksini tapıb, bununla bağlı konkret anlayışlar, qaydalar var və biz də onu çox yaxşı bilirik", - Məmmədov deyib.

Sarkisyan Rusiyanın "Moskvoskiye Novosti" qəzetinə açıqlamasında deyib ki, rəsmi Bakı öz müqəddəratını təyin etmə prinsipini yalnız Azərbaycanın ərazi bütövlüyü kimi qəbil edir.

Məmmədovun sözlərinə görə, Ermənistan belə bir fikri söyləməklə başqalarını çaşdırmaq istəyir, o da alınmayacaq.

"Azərbaycan ərazi bütövlüyü məsələsinin nə olduğunu çox yaxşı bilir və Dağlıq Qarabağa da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyətin verilməsini nəzərdə tutur. Sadəcə olaraq, Ermənistanın prezidenti və başqa rəhbərləri cəfəng fikirlər səsləndirməklə danışıqlar prosesinin məntiqi nəticəyə gəlib çıxmamasına çalışmamalıdırlar. Onlar üçün vaxtın uzadılması sanki nə isə bir uduş hesab olunur. Amma onlar çox böyük səhv edirlər. Nə qədər vaxt keçsə də, bu məsələdə onların mövqeyi getdikcə zəifləyəcək", - Məmmədov əlavə edib.

 İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Novruz Məmmədovun bəyanatlarını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti