...

Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsini tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2011 13:26 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun (MQ) həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsini tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub.
Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsini tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub - politoloq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun (MQ) həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsini tənzimləmə planı daha aydın şəkildə ortaya qoyulub. Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-də Rusiyanın Kazan şəhərində keçiriləcək görüşündə baza prinsiplərinin qəbul olunması bəyanatda aydın şəkildə qeyd olunur", - politoloq bildirib.

Onun sözlərinə görə, ATƏT MQ-nin həmsədr ölkələri prezidentlərin Dovildə qəbul etdiyi bəyanat Ermənistanın mənafeyinə cavab vermir.

"Dovil bəyanatını əvvəlki sənədlərdən fərqləndirən cəhətlər mövcuddur. Mətndə dəqiqlik, konkretlik var, tənzimlənmə planı daha aydın şəkildə ortaya qoyulub", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, bəyanatdan irəli gələrək baza prinsipləri qəbul olunacaq və bundan sonra gələcəkdə böyük sülh sazişinin imzalanması, yol xəritəsinin qəbulu ilə praktiki tənzimləmə başlaya bilər.

"Prezidentlərin Dovil bəyanatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ciddi sənədin imzalanmasına şərait yarada bilər", - Əhmədoğlu deyib.

Politoloqun fikrincə, DQ münaqişəsi təkcə Azərbaycan və Ermənistanın deyil, bütövlükdə regionun taleyinə təsir edib. Hətta Gürcüstan da belə hesab edir ki, DQ münaqişəsi regionun ən vacib problemidir.

"DQ-nin statusunun Azərbaycanın xeyrinə müəyyənləşməsi belə, daxildə müəyyən qüvvələri ciddi narahat edə bilər. Çünki DQ problemi boyda "siyasi maşın" əldən çıxır, Azərbaycana təzyiq vasitəsi kimi başqa rıçaq yaradılmayıb", - politoloq bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti