...

BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2011 15:05 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilər - 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.
BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan  ermənilərə baş çəkiblər

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilər - 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova Trend-ə bildirib ki, Komitənin nümayəndələri tərəfindən hərbi əsirlərə və ailəyə ailələrindən məktublar çatdırılıb.

Hərbi əsirlər ailələrinə şifahi məlumat, mülki şəxslər isə məktub göndəriblər.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Tərəflər arasında əldə olunan razılığa görə, martın 17-də Ağdam rayonunda BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.

Ermənistanın Silahlı Qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov əsir götürülüb.

Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib.

Cenevrə konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti