...

Kazan sammitinin nəticəsizliyi Rusiyanın daxilinə də ciddi təsir etmək üçün nəzərdə tutulub - Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2011 12:14 (UTC +04:00)
Ermənilər uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın onlara dəstək verməməsindən narahatdırlar.
Kazan sammitinin nəticəsizliyi Rusiyanın daxilinə də ciddi təsir etmək üçün nəzərdə tutulub - Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Ermənilər uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın onlara dəstək verməməsindən narahatdırlar. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

"Onlar bunu Dmitri Medvedevin siyasəti ilə əlaqələndirirdilər. Guya Medvedev azərbaycanpərəstdir; əgər Vladimir Putin prezident olsaydı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənipərəstlikdən uzaqlaşmazdı və azərbaycanpərəstliyə rəvac verməzdi. Ermənilərin bu fikirləri ucuz təbliğatdan başqa bir şey deyil. Putin ətrafında erməninin olmadığı yeganə rəhbər olub. O, RF-Azərbaycan münasibətlərinin yaxşılaşmasının, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın indiki rəsmi mövqeyinin banisidir. KTMT, Avroasiya iqtisadi əməkdaşlıq təşkilatının iclaslarında Ermənistanın sabiq prezidenti Robert Koçaryanı lağa qoyması indi də dillər əzbəridir. Putinin dövründə qanundan kənar fəaliyyətlə məşğul olan ermənilər həbs olunurdular. Ermənilərin azərbaycanpərəst hesab etdiyi Medvedevin iqtisadi məsələlər üzrə müşaviri faktiki olaraq familiyasını dəyişmiş A.Aqanbekyandır. Aqanbekyan SSRİ-ni dağıdan, DQ münaqişəsinin startını verən Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri idi. Bu erməni akademik SSRİ-ni dağıtmaq üçün milli və iqtisadi məsələləri birləşdirə bildi. Medvedevin imzası ilə son aylar 6-7 erməni RF-nin müxtəlif televiziyalarının rəhbərliyinə yerləşdirilib. Putinin dövründə həbs olunan ermənilər azadlığa buraxılıb. Dmitri Medvedevin dövründə Rusiyadakı ermənilərin antirusiya aktivliyinin pik nöqtəsinə çatmasına baxmayaraq, heç bir erməni cəzalandırılmayıb. Ona görə də ermənilər Rusiyanın daxilində istənilən işi görə bilirlər. Son zamanlar məxfi hesab olunan hərbi elitanın təmsilçilərinin ermənipərəst bəyanatlar verməsi də bu kontekstdən izah edilməlidir", - Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, Rusiyada kimin birinci şəxs olması vacib deyil, çünki Azərbaycan münasibətlərini ayrı-ayrı şəxslərlə deyil, Rusiya dövləti ilə qurmalıdır.

"Ona görə də hansısa prezidentdən ötrü xüsusi səy göstərməyə və ya güzəştə getməyə ehtiyac yoxdur. Əgər ermənilər Kazan sammitini iflasa uğratmaqla RF Prezidenti Medvedevin imicinə zərbə vurublarsa, Azərbaycan tərəfi DQ münaqişəsinin tənzimlənməsinin hissələrə bölünmüş həll variantını qəbul etməklə Medvedevin imicinin qayğısına qalmamalıdır. Prezident seçimi Rusiyanın daxili işidir. Əgər ermənilər kiminsə əleyhinə iş görürlərsə, qoy cəzalarını da alsınlar. DQ münaqişəsinin tənzimlənmə variantının hissələrə bölünməsi ermənilərin maraqlarına uyğundur.

Vahid çərçivə sazişi həmsədr ölkə prezidentlərinin Dovil bəyanatında 3 hissəyə bölündü. Üç həmsədr ölkənin balanslaşdırılmış, sülhün yaradılmasına xidmət edən və ədalətli hesab etdikləri variantı Ermənistan tərəfi qəbul etmədi. Tənzimləmə variantını bölə-bölə erməniləri razı salan vəziyyətə çatmaq mümkündür", - o əlavə edib.

Əhmədoğlu hesab edir ki, ermənilər düşünmədən yenilənmiş Madrid prinsiplərindəki birinci prinsipə - güc tətbiq etməmək prinsipinə hər an imza atmağa hazırdırlar

"Amma bu, DQ münaqişəsinin tənzimlənməsinə şərait yaratmır, əksinə, tənzimləmənin yubanmasına xidmət edir. Ona görə də Kazan görüşündən sonra baş verənlər RF-nin və onun Prezidenti Dmitri Medvedevin imicinə zərbə kimi qəbul edilə bilər. Ola bilsin ki, Medvedevin son təklifi də bunun üzərində qurulub. Azərbaycanın Rusiyanın imicinə zərbə vuran təklifləri qəbul etməsini rəsmi Bakının Rusiyanın daxili proseslərinə müdaxilə kimi dəyərləndirmək olar. Nə vaxtsa Putin kimi bir şəxs meydana çıxıb belə oyunlarla məşğul olan rusiyalıları cəzalandıracaq. Xasavyurd razılaşmasının imzalanması istiqamətində Putinin fəaliyyəti o, hakimiyyətə gəldikdən dərhal sonra başladı. Qərbin Ermənistanla birlikdə antirusiya addımlarına ilk əks-reaksiyanı Medvedev özü verməlidir", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti