...

Ermənilər tərəfindən azərbaycanlı uşağın qətlə yetirilməsinə terrordan başqa ad vermək mümkün deyil - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2011 19:16 (UTC +04:00)
Azyaşlı uşaqları hədəfə alan Ermənistan dünya ictimaiyyəti qarşısında öz meyillərini yenə də nümayiş etdirərək, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir.
Ermənilər tərəfindən azərbaycanlı uşağın qətlə yetirilməsinə terrordan başqa ad vermək mümkün deyil - Azərbaycan XİN

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azyaşlı uşaqları hədəfə alan Ermənistan dünya ictimaiyyəti qarşısında öz meyillərini yenə də nümayiş etdirərək, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. Bunu cümə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

"Parlayıcı qurğunun mənbəyini Ermənistan ərazisində götürən və Əlibəyli kəndindən keçən Tovuz çayında tapılması onu göstərir ki, bu qurğu Ermənistan tərəfindən məhz məqsədyönlü şəkildə və xüsusi təyinatla hazırlanıb. Həmçinin, partlayıcı qurğunun oyuncaq formasında olması əvvəlcədən hədəfin uşaqlar olmasının və erməni tərəfinin əsl niyyətinin göstəricisidir", - Poluxov bildirib.

XİN rəsmisi deyib ki, Azərbaycan Ermənistanın bu çirkinliyini və amansızlığını qətiyyətlə pisləyir və bu cür əməllərin bu kimi həssas dövrdə tərəflər arasında qarşılıqlı etimadın yaranmasına birbaşa zərbə endirdiyini vurğulayır.

"Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsinə terrordan başqa heç cür adlandırmaq mümkün deyil. Erməni tərəfi beynəlxalq qanunvericiliyin bütün tələblərinə zidd olaraq, dinc əhaliyə, xüsusilə də günahsız uşaqlara qarşı dəfələrlə qəddarlıq və amansızlıq nümayiş etdirərək öz həqiqi simalarını bir daha ifşa edib, Xocalı soyqırımının həyata keçirilməsinə göstəriş verən insanlar bu gün də günahsız insanları öldürməyə göstəriş verməkdə davam etdiklərini sübuta yetirib", - o deyib.

Poluxov bildirib ki, Azərbaycan dünya ictimaiyyətini minlərlə məsum azərbaycanlı uşaqları qətlə yetirmiş və əlil qoymuş Ermənistanın bu gün də həmin əməllərinin davam etməsini pisləməyə çağırır. Bu kimi əməllər erməni tərəfinə uşaq qatili adından başqa heç bir ad qazandırmır.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.

1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti