...

Politoloq: Edvard Nalbandyan erməni xalqını aldatmaqla məşğuldur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2011 18:27 (UTC +04:00)
Edvard Nalbandyan erməni xalqını aldatmaqla məşğuldur.
Politoloq: Edvard Nalbandyan erməni xalqını aldatmaqla məşğuldur

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/

Edvard Nalbandyan erməni xalqını aldatmaqla məşğuldur. Bu barədə cümə axşamı Trend-ə azərbaycanlı politoloq Vəfa Quluzadə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın erməni tələbələrlə görüşü zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

"Nalbandyanın erməni tələbələrə danışdıqları Ermənistanın oxuduğu çoxdankı mahnıdır. Nalbandyan yalan danışaraq Ermənistanın ictimai rəylərini aldatmağa çalışır. Ermənilər də axmaq deyillər, onlar nəyin nə olduğunu yaxşı başa düşürlər", - Quluzadə əlavə edib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşü zamanı deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə əngəl törədir.

Politoloq erməni nazirin Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin gözlənildiyi bir vaxtda bu cür bəyanat səsləndirməsini də təsadüfi saymır.

"Onlar bu cür davranışları ilə Azərbaycan tərəfini bezdirmək istəyirlər. İstəyirlər ki, Azərbaycan tərəfi bir neçə dəfə görüşlərdən imtina etsin, sonra da göstərsinlər ki, məsələnin sülh yolu ilə həll olunmasını istəməyən Azərbaycandır", - politoloq əlavə edib.

Quluzadə hesab edir ki, erməni tərəfi istəyir ki, Azərbaycan belə şərtlər daxilində onlarla danışmaq mümkün olmadığını görsün və görüşə getməsin, beləliklə bütün məsuliyyət Azərbaycanın üzərində qalsın.

"Azərbaycan hakimiyyəti aktiv siyasət apararaq göstərməlidir ki, Ermənistan beynəlxalq hüquqa əsaslanan heç bir razılığa gəlmək istəmir. Ermənistan təcavüzkar mövqedən çıxış edir və Azərbaycanın da həmin təcavüzkar mövqe ilə razılaşmasını istəyir", - o vurğulayıb.

Quluzadə onu da bildirib ki, Azərbaycanla Ermənistan iki dəfə sülh sazişi imzalanmağa yaxın olublar.

"Onlardan birində Ermənistan parlamenti gülləbaran edilib, digərində isə Levon Ter Petrosyan hakimiyyətdən devrilib", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti