...

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi yanaşmır - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2011 19:23 (UTC +04:00)
Edvard Nalbandyan öz bəyanatlarında nəinki erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə qeyri-ciddi yanaşmasını göstərir, eyni zamanda, erməni diplomatiyasının uğursuzluğunu gizlətmək məqsədilə öz həmvətənlərini, cəmiyyətini və dünya birliyini aldatmaqla məşğul olur.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi yanaşmır - Azərbaycan XİN

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan öz bəyanatlarında nəinki erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə qeyri-ciddi yanaşmasını göstərir, eyni zamanda, erməni diplomatiyasının uğursuzluğunu gizlətmək məqsədilə öz həmvətənlərini, cəmiyyətini və dünya birliyini aldatmaqla məşğul olur. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

"Nalbandyanın çıxışlarında beynəlxalq hüququn prinsip və normalarına, BMT və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə dair qərarlarına elementar hörmət belə yoxdur", - Abdullayev bildirib.

Onun sözlərinə görə, bütün bu prinsiplər həm Nalbandyanın təmsil etdiyi ölkənin prezidenti tərəfindən imzalanan və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında tənzimlənməsini nəzərdə tutan Mayndorf bəyanatında, həm də BMT və ATƏT-in qərarlarında və Azərbaycan ərazilərinin işğalını tanıyan və erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən bir çox beynəlxalq təşkilatların bəyanatlarında öz əksini tapıb.

"Həmçinin, Nalbandyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin hazırkı vəziyyətin yolverilməz olduğuna dair çoxsaylı bəyanatlarına da çəkmək lazımdır", - Abdullayev deyib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, "Azərbaycanın destruktiv mövqeyinə baxmayaraq, Ermənistan Qarabağ münaqişəsinin beynəlxalq hüququn və BMT nizamnaməsinin prinsiplərinə əsaslanan sülh yolu ilə tənzimlənməsində səylərini davam etdirəcək". Məlumatı "Mediamaks" yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti