Gürcüstan, Tbilisi, 23 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Dağlıq Qarabağda yerli idarəetmə orqanlarına keçirilən qondarma "seçkilər"i tanımır. Bu barədə Gürcüstan XİN-in cümə günü yayılan bəyanatında deyilir.
"Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və onun suverenliyinə sadiq qalaraq, Dağlıq Qarabağda yerli idarəetmə orqanlarına qanunsuz olaraq keçirilən "seçkilər"i tanımır", -Trend-in redaksiyasına Gürcüstan XİN-dən daxil olan bəyanatda deyilir.
Gürcüstan XİN beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün göstərdiyi səyləri alqışlayır və hesab edir ki, "sülh danışıqlarına alternativ yoxdur".
Dağlıq Qarabağda qondarma "seçkilər" sentyabrın 18-də keçirilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.