Azərbaycan, Bakı, 28 sentyabr /Trend/
Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan bütün münaqişələrinin, o cümlədən Dağlıq Qarabaq münaqişəsinin həll olunmasında maraqlıdır. Bunu, Armenpress agentliyinə verdiyi müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. Nazirin sözlərinə görə, münaqişənin həlli üzrə beynəlxalq əməkdaşlığın formatının Minsk qrupunun üzərində olmasına baxmayaraq, Aİ da münaqişənin sülh yolu ilə həll olunmasına təkan verə bilər.
"Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Leforun mandatı Dağlıq Qarabağ məsələsini də əhatə edir. Aİ-nin Assosiasiya razılaşmaları və azad ticarət zonaların vasitəsi ilə reallaşan abadlaşdırma və demokratik ərazilərin genişləndirilməsi üzrə uzunmüddətli siyasəti də Cənubi Qafqazda münaqişələrinin həllinə yardım göstərə bilər", - Sikorski qeyd edib.
"Şərq tərəfdaşlığı"nın ikinci sammiti sabah Varşavada işinə başlayacaq. Tədbirə Avropa təşkilatlarının rəhbərləri, Aİ dövlətlərinin başçıları qatılacaqlar.