...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun təşkili yeni məzmun gətirə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2011 15:36 (UTC +04:00)
Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun təşkili Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətindəki səylərinə yeni məzmun gətirə bilər.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun təşkili yeni məzmun gətirə bilər

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları və ya Dağlıq Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlılar arasında dialoqun təşkili Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətindəki səylərinə yeni məzmun gətirə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının və ya orada yaşamış azərbaycanlılarla hazırda orada yaşayan ermənilərin görüşünü təşkil edib bunun əsasında dialoq yaratmaq Rusiyanın əlində hədsiz dərəcədə asan məsələdir.

"Əvvəla, həm Ermənistanın, həm də Azərbaycanın Rusiyadakı səfirləri (O.Yesayan və P.Bülbüloğlu) Dağlıq Qarabağ mənşəlidirlər. İkincisi, Moskvada Dağlıq Qarabağ mənşəli xeyli tanınmış erməni və azərbaycanlı ictimai-siyasi aktiv adamlar fəaliyyət göstərirlər. Üçüncüsü, Moskvadakı Dağlıq Qarabağ ermənilərinin rəsmi Kremllə əlaqələri daha güclüdür. Bu amil indiki anda mühüm əhəmiyyətə malikdir. Çünki dialoqdan yayınan tərəf Dağlıq Qaranağ erməniləridir", - Əhmədoğlu qeyd edib.

O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ mənşəli, Moskvada fəaliyyət göstərən ermənilərə təsir göstərməklə dialoqun baş tutmasına nail ola bilər.

Onun sözlərinə görə, Moskvada başlayan dialoq sonradan Dağlıq Qarabağ ərazisində davam etdirilə bilər. Moskvada Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında qurulan dialoqun Dağlıq Qarabağ ərazisində davam etdirilməsi münaqişənin praktiki həllinin başlanğıcı ola bilər.

"Ermənilər bu addıma getməyəcəklərsə, bununla həm də Moskvanın imicinə daha ciddi zərbə vuracaqlar. Çünki Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları arasında dialoqun təşkilinin münaqişənin tənzimlənməsindəki əhəmiyyətli rolu barədə beynəlxalq aləm məlumatlanmağa başlayıb", - Əhmədoğlu bildirib.

O qeyd edib ki, münaqişənin tənzimlənməsi indi hamı üçün vacibdir. Bu, Ermənistan üçün daha çox vacibdir. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistanı uçuruma aparır. Rəsmi Moskva Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının dialoqunun təşkili qismində münaqişənin praktiki tənzimlənməsinə başlamaqla Azərbaycana kömək etməklə yanaşı, həm də özünə kömək etmiş olur. Ermənistanı isə ümumiyyətlə xilas edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti