Bək-qraund əlavə olunub (İlk xəbər saat 11:20-də yayılıb)
Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir S.Ağayeva /
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə RF Prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Hazırki görüş 2008-ci ildə RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan sonuncu dəfə iyunun 24-də Kazanda görüşüblər.
O vaxt Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar baza prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Tərəflər qəbul etdikləri birgə bəyanatda bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.