...

NATO Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir - Ceyms Appaturay

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2012 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə Alyansın ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini tam dəstəklədiyini təsdiqləyib. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər berib.

Öz növbəsində, Nalbandyan Dağlıq Qarabağ probleminin nizamlanmasının indiki mərhələsi, xüsusən də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidəki üçtərəfli görüşünün nəticələri haqqında məlumat verib.

Tərəflər Ermənistan və NATO arasındakı qarşılıqlı fəaliyyət, xüsusən də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığa dair bır sıra məsələlərə toxunublar.

Bundan başqa, Nalbandyan və Appaturay NATO-nun Çikaqo sammitinə, habelə Şimali Atlantika Şurasının Ermənistan-NATO formatında illik iclasına aid məsələləri müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti