...

Elmar Məmmədyarov: Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin tətbiqi mexanizminin olmasını vacib sayır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2012 10:45 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin Meksikada keçirilən xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icra olunmamasından təəssüflənir
Elmar Məmmədyarov: Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin tətbiqi mexanizminin olmasını vacib sayır (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icra olunmamasından təəssüfləndiyini bildirib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, təhlükəsizlik məsələlərinə toxunan Məmmədyarov bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edib. Nazir bildirib ki, BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin tətbiq mexanizminin olmamasının xoşağəlməz təcrübə olduğunu xatırladıb.

Məmmədyarov BMT TŞ-nin öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək, qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb.

Nazir BMT-nin universal bir təşkilat kimi əhəmiyyətinin azaldılmasında maraqlı olmadığımızı qeyd edərək, BMT-nin qəbul edilmiş qərarlarının icrasının təmin olunması üçün daha təsirli səlahiyyətlərə malik olmasının vacibliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.

Meksikanın xarici işlər naziri çıxışında Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakının bu ölkələrin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib.

Daha sonra çıxış edən Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycan Respublikasının etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib.

Nazir Elmar Məmmədyarov öz çıxışında davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq, Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən Məmmədyarov Azərbaycanın davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını bildirib.

Məmmədyarov Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək, bununla da gələcək nəsillərin güclü iqtisadiyyata və sosial siyasətə malik olan qüdrətli dövlət qurmalarının mümkün olacağını qeyd edib. O, informasiya və kommunikasiya texnologiyaları sahəsinin də ölkəmizdə əsas inkişaf edən istiqamət olduğunu bildirib. Gender bərabərliyi məsələsinə toxunan Məmmədyarov cəmiyyətdə qadının mühüm rolundan bəhs edib və xüsusən də inkişaf etməkdə olan ölkələrdə bu məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-ın dövlət katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti