...

Türkiyənin Qazi Universitetində Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 02:54 (UTC +04:00)
Fevralın 23-də Azərbaycanın Türkiyədəkı səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universiteti ilə birgə geniştərkibli xatirə tədbiri təşkil edib.
Türkiyənin Qazi Universitetində Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fevralın 23-də Azərbaycanın Türkiyədəkı səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universiteti ilə birgə geniştərkibli xatirə tədbiri təşkil edib.

Səfirliyin mətbuat katibi Elsevər Salmanov Trend-ə bildirib ki, tədbir Azərbaycan Tibb Universitetinin də təşkil etdiyi xatirə tədbiri ilə eyni vaxtda İctimai Televiziya və TRT Avaz televiziya kanalları vasitəsilə telekörpü formatında həyata keçirilib.

Tədbirdə səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyənin millət vəkili Yusuf Halaçoğlu, Qazi Universitetinin rektoru Rza Ayhan, universitetin professor-müəllim heyəti və çox sayda tələbəsi, ictimaiyyət nümayəndələri, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Qazi Universitetindəki anım tədbiri iki mərhələdən ibarət olub. Tədbirin birinci mərhələsi açıq havada çoxsaylı insanın iştirakı ilə mitinq formatında həyata keçirilib və nəhəng ekran vasitəsilə Bakıda Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunmuş tədbirlə eyni vaxtda ünsiyyət qurularaq çıxışlar gerçəkləşdirilib.

Belə ki, rektor Rza Ayhan, millət vəkili Qənirə Paşayeva və Türkiyənin millət vəkili Yusuf Halaçoğlu Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına öz səmimi duyğu və fikirlərini çatdırıblar.

Səfir Faiq Bağırova da söz verilib. Səfir öz çıxışında Xocalı soyqırımının mahiyyətindən və hadisənin baş verməsindən ətraflı şəkildə bəhs edib, Azərbaycan xalqının dövlətçiliyi uğrunda etdiyi fədakarlıqlardan və tökülən qanların heç də hədər getmədiyindən əsaslar gətirərək söz açıb.

Daha sonra tədbirin ikinci mərhələsi universitetin "Memar Kəmaləddin" konfrans zalında davam edib. Burada tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı hazırlanmış müfəssəl sənədli film nümayiş etdirilib.

Ardından universitetin rektorluq binasının sərgi salonunda Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş foto və rəsm sərgisi açıq elan olunub.

Tədbirlər zamanı "Xocalıya Ədalət" beynəlxalq imza kampaniyasına böyük rəğbət olduğu müşahidə olunub, tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı təbliğat xarakterli materiallarla yanaşı, millət vəkili Qənirə Paşayevanın "Bağanıs Ayrım" adlı kitabı da təqdim olunub.

Bu gün saat 18:00-da həmçinin səfirliyimizin dəstəyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə Türkiyə Xarici İşlər Nazirliyində geniştərkibli konfrans və fotosərgi təşkil olunub.

Tədbirdə Türkiyə xarici işlər nazirinin müavini Firidun Sinirlioğlu başda olmaqla nazirliyin çox sayda yüksəksəviyyəli rəsmiləri, Türkiyə xarici işlər nazirinin həyat yoldaşı Sare Davutoğlu, Türkiyə gənclər və idman nazirinin müavini Hakan Hakyemez, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, Türkiyənin çox sayda millət vəkili, millət vəkili Qənirə Paşayeva, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin ilk mərhələsi olan konfransda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, millət vəkili Qənirə Paşayeva, Türkiyə gənclər və idman nazirinin müavini Hakan Hakyemez və Türkiyə xarici işlər naziri adından nazir müavini Fatih Ceylan çıxış ediblər.

Konfransda səfir Faiq Bağırova da söz verilib. Səfir öz çıxışında ölkəmizin qanlı tarixindən, sürətli inkişaf potensialımızın düşmən erməniləri lərzəyə gətirməsindən, Xocalı soyqırımının canilərinin cəzalandırılmasının zəruriliyindən və Azərbaycanın haqlı yolunda ümummilli liderimizin əvəzsiz xidmətlərindən ətraflı şəkildə bəhs edib.

Sonra Xocalı soyqırımı ilə bağlı sənədli film və klip nümayiş etdirilib.

Daha sonra Xocalı soyqırımı ilə bağlı rəsm və foto sərgisi açıq elan edilib.

Tədbir zamanı "Xocalıya Ədalət" beynəlxalq imza kampaniyasına davam olunub, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti