...

Polşada Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 00:26 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi Xocalı soyqırımının 20‑ci və “20 yanvar” faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Azərbaycan – Müstəqilliyə gedən yolda” adlı ictimai tədbir təşkil edib.
Polşada Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın Polşadakı səfirliyi Xocalı soyqırımının 20‑ci və "20 yanvar" faciəsinin 22-ci ildönümü ilə əlaqədar "Azərbaycan - Müstəqilliyə gedən yolda" adlı ictimai tədbir təşkil edib.

Məlum olduğu kimi, 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası başladılıb. Təşəbbüs Xocalı faciəsinin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlib və bu çərçivədə dünyanın 35 ölkəsində, o cümlədən Polşada geniş təbliğat-təşviqat işi aparılmaqdadır.

Polşa səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində səfirliyin Varşava şəhərinin mərkəzində yerləşən Müstəqillik muzeyində təşkil etdiyi tədbir çox böyük uğurla keçib. İki saat davam etmiş tədbirə Polşanın müxtəlif dövlət qurumları, o cümlədən Xarici İşlər, Nəqliyyat, Kənd təsərrüfatı və Kəndin inkişafı nazirlikləri, Polşa Sahibkarlar Konfederasiyası, Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, İqtisadiyyat palataları nümayəndələri, tanınmış jurnalistlər, o cümlədən TVP-nin "Şərq Studiyası" verilişinin aparıcısı, Polşada fəaliyyət göstərən özəl şirkət, Azərbaycan diasporu, Varşavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif universitetlərdən alimlər və xeyli sayda tələbələr qatılıblar.

Tədbir zamanı "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış petisiya 200 ədəd çap edilərək iştirakçılar arasında yayılıb və onlar kampaniyanın saytına daxil olaraq petisiyanı imzalamağa dəvət ediliblər. Tədbirin keçirildiyi binada Heydər Əliyev Fondu tərəfindən göndərilmiş Xocalıdan faciəvi səhnələri əks etdirən fotoşəkillər və beynəlxalq mətbuat nümayəndələrinin məqalələrindən ibarət sərgi təşkil edilib. Tədbir çərçivəsində müvafiq təbliğat-təşviqat materialları - polyak dilində Erməni mifi; Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər; Səfirlik tərəfindən hazırlanmış "Azərbaycan xalqının soyqırımı tarixindən" adlı 4 mövzu üzrə silsilə açıqcalar (min ədəd), ingilis dilində Xocalı soyqırımı - milyon imza, bir tələb; Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Dağlıq Qarabağ haqda həqiqi faktlar" silsiləsindən kitabçalar paylanıb. Bunlardan əlavə polyak jurnalist Yatsek Pototskinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalə kitabça şəklində çap edilərək paylanıb. Məqalədə Azərbaycanın inkişafı, Ermənistanın əksinə deqradasiyasından bəhs edilir, Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və əminamanlıq yolunda yeganə maneə olduğu bildirilir. Tədbir iştirakçıları arasında həmçinin Polşa yazıçısı Vitold Mixalovskinin Heydər Əliyev haqqında söz kitabı da paylanıb.

Tədbirdə səfir Həsən Həsənov çıxış edərək Azərbaycan tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Çıxış zamanı xəritələr nümayiş etdirərək Azərbaycan ərazisinin bölüşdürüldüyü, ermənilərin Azərbaycan ərazilərinə köçürüldüyü barədə məlumat verib, Dağlıq Qarabağda necə münaqişə ocağının yaradıldığını izah edib. Səfir Həsən Həsənov xüsusilə müstəqilliyə gedən yolda Azərbaycan xalqının başına gətirilmiş müsibətlər - 1918-ci il mart və1992-ci il Xocalı soyqırımları, 1990-cı il 20 yanvar faciəsi və s. barədə geniş məlumat verib. Xocalıda baş vermiş faciə barədə məlumat verən səfir Həsən Həsənov bildirib ki, ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocanı, qadını, uşağı qətlə yetirmiş, meyitləri baxılmaz şəklə salmış, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv ediblər. Çıxış zamanı beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatı nümayəndələri tərəfindən sənədləşdirilmiş, XX əsrin ən acı faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymət verilmədiyi qeyd olunub. Sonda tədbir iştirakçılarına Azərbaycanın müasir həyatında gedən dinamik inkişaf haqda məlumat verib.

Tədbirdə həmçinin politoloq, Rusiyaşünas, Polşanın Ermənistan və Moldovada səfiri olmuş, hazırda Varşava Universitetinin professoru Viktor Ross çıxış edib. V. Ross xalqımızın malik olduğu zəngin mədəniyyətdən danışaraq, Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətlər, dünya ədəbiyyatı və incəsənətinə verdiyi böyük töhfələrdən bəhs edib. Çıxışı zamanı həmçinin Azərbaycan-Polşa əlaqələrinin qədim tarixindən bəhs edən natiq, bu münasibətlərin daim dost münasibətləri olduğunu diqqətə çatdırıb. Varşava Universitetində Qafqaz seminariyasının rəhbəri David Kolbaya çıxış edərək, ölkəmizdə gedən iqtisadi inkişafdan, Azərbaycanın regionda artan əhəmiyyətindən danışıb. O, Ulu öndər Heydər Əliyevin başlatdığı uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirən natiq, soyuq qış günlərində Gürcüstana qaz ixracının dayandırıldığı zaman Gürcüstanın yardımına məhz Azərbaycanın yetişdiyini bildirib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan D. Kolbaya, münaqişənin regionun davamlı inkişafı üçün yeganə maneə və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeganə doğru yol olmasından danışıb. Ermənilərin yürütdüyü təcavüzkar siyasət və Xocalıda törədilmiş cinayətin XXI əsrin reallığına uyğun olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti