...

Azərbaycanın hakim partiyası Minsk qrupu həmsədrlərinin regiona səfərindən gözləntilərini açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 16:39 (UTC +04:00)
Həmsədrlər regiona hər səfərində vədlər səsləndirirlər, amma nəticə etibarilə bu vədlərin həyata keçirilməsinin şahidi olmuruq.
Azərbaycanın hakim partiyası Minsk qrupu həmsədrlərinin regiona səfərindən gözləntilərini açıqlayıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir M.Əliyev/

Həmsədrlər regiona hər səfərində vədlər səsləndirirlər, amma nəticə etibarilə bu vədlərin həyata keçirilməsinin şahidi olmuruq.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

"Azərbaycan münaqişənin dinc yolla həll olunmasına tərəfdar olduğunu bildirib və bu istiqamətdə səfərlər olmalıdır, danışıqlar aparılmalıdır. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə müsbət yanaşırıq. Amma, eyni zamanda, Azərbaycan cəmiyyətinin Minsk qrupunun həmsədrlərinə və bütövlükdə Minsk qrupuna çox ciddi iradları var", - o deyib.

Əhmədov qeyd edib ki, artıq bu il Minsk qrupunun yaradılmasından 20 il ötür və 20 il ərzində münaqişə nizamlanmayıb.

"Sual olunur ki, Minsk qrupu daha neçə il çalışacaq ki, bu münaqişəni həll etsin? Daha neçə il qaçqın düşmüş insanlar münaqişənin həllini gözləməlidir? 20 il ərzində münaqişənin həllinə nail ola bilməyən bir qurum ən azından özünə tənqidi yanaşmağı bacarmalıdır", - o deyib.

YAP-ın sədr müavini bildirib ki, Minsk qrupu 20 illik fəaliyyətinə yekun vuraraq yenə də vasitəçilik missiyasını yerinə yetirmək istəyirsə, münaqişənin həlli üçün vaxt çərçivəsi müəyyənləşdirməlidir.

Həmsədrlərin regiona səfəri martın 2-dən başlayır.

Xəbər lenti

Xəbər lenti