...

Tallində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 23:33 (UTC +04:00)
Bazar ertəsi Tallin şəhərinin mərkəzində yerləşən "Swissotel"də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tallində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bazar ertəsi Tallin şəhərinin mərkəzində yerləşən "Swissotel"də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.

Tədbirdə Avropa Parlamentinin üzvü İ.Tarand, AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel, Estoniya-Azərbaycan Parlament Qrupunun sədri E.Əfəndiyev, Estoniya Parlamentinin üzvləri, Estoniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Azərbaycan icmasının, habelə digər milli icmaların nümayəndələri, yerli kütləvi informasiya vasitələri, ali təhsil müəssisələrinin tələbələri, Tallində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri F.Muradov və S.Qafarova, Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin müdiri İ.Məmmədov və Səfirliyin əməkdaşları iştirak etmişlər.

Tədbirin əvvəlində Eston-lüteran kilsəsinin Baş episkopu A.Piter Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün bir-dəqiqəlik sükut elan etmiş və onların xatirəsinə dua oxumuşdur.

Daha sonra tədbirdə çıxış edən Estoniya sabiq Prezidenti A.Rüytelin müşaviri Y.Kann Prezident A.Rüytelin səhhətində probelmlər olduğu üçün gələ bilmədiyini bildirmiş və onun müraciətini çatdırmışdır. O, müstəqillik yolunda apardığı mübarizədə Azərbaycan ilə Estoniya arasında tarixi paralel gətirmiş, Azərbaycanın təcavüzə məruz qaldığını vurğulamışdır. O, Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini vurğulayaraq, cinayətkarların məsuliyyətə cəlb olunması vacibliyini qeyd etmişdir.

İ.Tarand öz çıxışında Xocalı faciəsi kimi cinayətlərin müasir dünyada qəbuledilməzliyini və Xocalı faicəsini törədən şəxslərin cəza alacaqlarına ümidvar olduğunu qeyd etmişdir.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel Azərbaycana etdiyi səfərlərdən xoş təəssüratlarını bölüşərkən Azərbaycanın zəngin mədəniyyət və tarixə malik olduğunu və Azərbaycan xalqının böyük millət olduğunu söyləmişdir. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə gəlincə, SSRİ dağılarkən sovet məkanında yalnız Ermənistanın təcavüzə əl atdığını qeyd etmişdir. O, Azərbaycan xaqlının Xocalı faciəsi ilə bağlı hisslərini Estoniya ictimaiyyətinin bölüşdüyünü bildirmiş və Dağlıq-Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib amil oduğunu qeyd etmişdir.

Daha sonra AR Milli Məclisinin üzvü F.Muradov "Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə" məruzəsi ilə çıxış etmişdir. O, çıxışında Xocalı soyqırımının hüquqi aspektlərinə toxunmuş və Xocalı faicəsini soyqırım kimi tanınmasına bütün əsasların mövcud olduğunu tədbir iştirakçılarına çatdırmışdır.

AR Milli Məclisinin üzvü S.Qafarova öz çıxışında hərbi cinayətkarların qurbanı olmuş uşaq və qadınların işgəncələrə məruz qaldıqlarını və Xocalı soyqırımı törədən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini vurğulamışdır.

Tədbirə yekun vuran Səfir T.Zülfüqarov öz çıxışında demişdir ki, Xocalı faciəsini törətmiş şəxslər Beynəlxalq Tribunal qarşısında cavab verənə qədər insanlığa qarşı törədilmş cinayət davam edir. O, Estoniya ictimaiyyətinə bü gündə Azərbaycan xalqı ilə göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Estoniya ictimaiyyətinin nüfuzlu nümayəndələri ilə birgə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına qoşulması iki ölkə arasında yüksək münasibətləri əks etdirən əlamətdar hadisədir.

Tədbirdə Xocalı soyqırımı haqqında xüsusi olaraq hazırlanmış "Justice call" adlı film nümayiş etdirilmiş və sərgi təşkil olunmuşdur. Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hazırladığı Xocalı soyqırmına aid materiallar paylanılmışdır.

Bununla yanaşı, 25-26 fevral 2012-ci il tarixlərində Estoniyada fəaliyyət göstərən "Tallinna TV" və "TVN" telekanallarında Azərbaycan haqqında 1-saatlıq film nümayiş etdirilmişdir.
Tədbirdə çoxsaylı media nümayəndələrinin iştirakı ilə əlaqədar tədbirin Estoniya media məkanında geniş şəkildə işqılandırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti