...

Bakı Yerevanı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olması ilə barışmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2012 17:29 (UTC +04:00)
Ermənistan rəhbərliyinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması ilə barışmasının və konstruktivizm və praqmatizmi öyrənməsinin vaxtı çatıb.
Bakı Yerevanı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olması ilə barışmağa çağırır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/

Ermənistan rəhbərliyinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması ilə barışmasının və konstruktivizm və praqmatizmi öyrənməsinin vaxtı çatıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Konstruktiv yanaşma elə Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya xas olan konkret nəticələrin əldə olunmasına yönəlmiş effektiv yanaşmadır. Bu tip populist bəyanatlar ritorika naminə ritorikadan başqa bir şey deyil", - Abdullayev deyib.

O bildirib ki, ölkə belə metodlarla irəliyə gedə və inkişaf edə bilməz.

Ermənistan KİV-in məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı litvalı həmkarı Audronyus Ajubalislə keçirdiyi birgə mətbuat konfransda deyib ki, Azərbaycan BMT TŞ-ni nüfuzdan salır.

"Bakı regionda gərginlik yaradır, hər gün militarist bəyanatlar verir, bu ölkə daim silahlanır, regionda və dünyada təhlükəsizliyə və sabitliyə təhlükə yaradır", - Nalbandyan deyib.

"Hesab edirəm ki, erməni deputatlar Bakıda olarkən hakimiyyətin effektiv və müdrik yanaşmasının nəticəsi kimi əsil irəliləyişin necə olduğunu gördülər. Azərbaycanın nail olduğu irəliləyiş ölkə rəhbərliyinin respublikanın və onun xalqının gələcəyinə qayğısının göstəricisidir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Ermənistan bundan ciddi dərs almalıdır və öz xalqını aldatmaqdan və beynəlxalq ictimaiyyəti çaşdırmaqdan əl çəkməlidir.

"Hakimiyyət bu günlə yaşamamalıdır, gələcək haqqında düşünməlidir. Özgə torpaqlarını işğal edən və etnik təmizləmə apararaq bir milyon insanı qaçqına və məcburi köçkünə çevirən, üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi dağıtmaqda davam edən Ermənistanın kimisə nədəsə qınamağa mənəvi haqqı yoxdur", - Abdullayev deyib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan bu gün öz xalqının təhlükəsizliyinə zəmanət verən güclü dövlətdir.

"Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində regionda təhlükəsizliyin və sabitliyin təhlükə altında olduğu bir vəziyyətdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz müdafiə qabiliyyətini möhkəmləndirməyə tam hüququ var", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti