Azərbaycan, Bakı, 4 iyul /Trend/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropa İttifaqı (Aİ) üçün prioritet məsələ olaraq qalır. Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Herman van Rompey Ermənistan Prezidenti Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, münaqişənin həlli üçün tərəflərin qarşılıqlı etimadı lazımdır.
Rompey qoşunların təmas xəttində insidentlərin yolverilməz olduğunu deyib və ölənlərin valideynlərinə başsağlığı verib.
"Münaqişə ancaq dinc danışıqlar yolu ilə nizamlanmalıdır. Bu, status-kvonu dəyişdirməyə imkan verəcək və yalnız bu halda regionda sülh və sabitlik bərqərar ola bilər. Aİ öz tərəfindən bu yaxınlarda Los-Kabosda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin verdiyi bəyanatı təsdiq edir", - Rompey vurğulayıb.
Onun sözlərinə görə, münaqişə tərəfləri atəşkəs rejiminə əməl etmək və hərbi ritorikadan çəkinmək haqqında razılığa hörmət etməlidirlər.
"Aİ öz tərəfindən təcrübəsi ilə yardım etməyə hazırdır", - Rompey bildirib.