...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət hər an dəyişə bilər, ermənilərin təxribatına hazır olmalıyıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2012 15:56 (UTC +04:00)
MDB məkanında tanınmamış qurumlarda keçirilən "seçkilər"in özünəməxsus ənənələri formalaşmışdı. Bir-birinin ərazisində keçirilən "seçkilər"də iştirak etmək, ciddi dövlətlər kimi bir-birini təbrik etmək bu "ənənələr"in tərkib hissələrindəndir.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət hər an dəyişə bilər, ermənilərin təxribatına hazır olmalıyıq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

MDB məkanında tanınmamış qurumlarda keçirilən "seçkilər"in özünəməxsus ənənələri formalaşmışdı. Bir-birinin ərazisində keçirilən "seçkilər"də iştirak etmək, ciddi dövlətlər kimi bir-birini təbrik etmək bu "ənənələr"in tərkib hissələrindəndir. Separatçı Dağlıq Qarabağda keçirilən "seçkilər"də bu "ənənə" pozuldu. İki həftəyə yaxın müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağın seçilmiş "prezidenti" B.Saakyanı separatçı Abxaziya və Cənubi Osetiya "prezidentləri" bu günədək təbrik etməyiblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuata açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

"Separatçı Dnestryanı bölgənin rəhbəri yalnız "prezident seçkiləri"ndən 9 gün keçdikdən sonra B.Saakyanı təbrik etdi. Bu, MDB məkanındakı tanınmamış qurumlar arasında sensasiya hesab edilə bilinəcək bir haldır, amma təsadüfi deyil. Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgənin Rusiya tərəfindən idarə olunması heç kimdə şübhə doğurmur. Bu qurumların rəhbərləri yalnız daxili təsərrüfat və yerli iqtisadi xarakterli məsələləri həll etməkdən başqa səlahiyyətə malik deyillər. Abxaziya və Cənubi Osetiya "prezidentləri"nin B.Saakyanı təbrik etməmələri Rusiyanın əməlidir. Dnestryanı bölgə rəhbərinə də RF xarici işlər naziri belə göstəriş verib. Sadəcə, RF xarici işlər nazirinin müavini D.Karasinin Dnestryanı bölgənin müstəqil olmayacağı, neytral Moldovanın tərkibinə xüsusi statusla daxil olacağı ilə bağlı verdiyi bəyanat Dnestryanı bölgənin de-fakto rəhbərliyinin xoşuna gəlməyib. O da etiraz əlaməti olaraq Rusiyanın verdiyi təlimatı pozub, B.Saakyanı təbrik edib. Rusiyanın Dağlıq Qarabağın müstəqilliyinin tanınmaması istiqamətində atdığı addım göz qabağındadır", - politoloq deyib.

Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağda yerli ermənilərin narazılığı sürətlə artır. Bu baxımdan rəsmi Bakı bir neçə məsələyə ciddi diqqət ayırmalıdır.

"Əvvəla, ermənilər hər cür hərbi şantaja əl ata bilərlər. Ermənilərin hərbi şantajlarının effektsiz qalması, özləri üçün əks-effekt verməsi üçün Azərbaycan Ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilməlidir. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ məsələsi Rusiya ilə Azərbaycan arasında siyasi danışıqların predmeti olmaqdan çıxarılmalıdır. Digər tərəfdən rəsmi Yerevan anlamalıdır ki, Azərbaycanın digər ərazilərinə düşən raketlər Zəngəzurun Azərbaycana qaytarılması mesajını daşıyacaq. Döyüş Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan təmas xəttindən kənara çıxacaqsa, Azərbaycan Ordusu Zəngəzurda oturacaq. Bu, gec-tez ola bilər. Bundan başqa, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan tərəfinə müraciəti, hətta keçmələri üçün müəyyən hazırlıq işləri görülməlidir. Azərbaycan KİV-ləri, ekspert mühiti kifayət qədər təmkinli olmalı, Ermənistanla bağlı məlumat və şərhlərdəki sərbəstlik dövrünü bitirməli, hamı milli maraqların qorunmasna yönəlik, vahid strateji xəttə uyğun fikirlər ortalığa qoymalıdır", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti