Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir M.Əliyev/
Ermənistan tərəfindən Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi böyük bir təxribat planıdır. Bu barədə bazar ertəsi Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Millət vəkili deyib ki, bu gün Ermənistan dünyanın müxtəlif yerlərində yaşayan erməniləri müxtəlif vədlərlə işğal edilmiş Dağlıq Qarabağda yerləşdirməyə çalışır, lakin bu onda çox pis alınır.
"Bu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini açıq şəkildə etiraf etməsidir. Bu günə qədər onlar bildirirdilər ki, Dağlıq Qarabağda guya, icma müstəqil dövlət qurub, indi artıq etiraf edirlər ki, bunun hamısı Ermənistanın fəaliyyətidir və Suriya ermənilərinin oraya köçürülməsi Ermənistanın rəsmi siyasətidir", - Mirzəzadə qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmaq, işğal edilmiş zonaların etnik tərkibini süni surətdə dəyişmək təxribatı özünün düşdüyü ağır situasiyadan çıxmaq üçün uğursuz cəhdləridir.
"Hesab edirəm ki, bu, onlarda alınmayacaq. Çünki ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş zonalarda apardığı müşahidələrin nəticələrində Ermənistanın ora qeyri-qanuni əhali köçürdüyü faktını yazıb və bunun beynəlxalq konvensiyalara zidd olduğunun bildirib. Digər tərəfdən, həmin əhalinin bu gün sənədsiz və yerli hərbi rejimdən asılı vəziyyətdə olduğu xüsusilə vurğulanıb", - Milli Məclisin üzvü deyib.
Mirzəzadə qeyd edib ki, digər tərəfdən, Suriyada yaşayan ermənilər hakimiyyətdən hər zaman maksimum istifadə ediblər.
"Onların yaxşı imkanları olub, dövlətin xüsusi diqqətində olublar. Bu gün isə vətəndaş müharibəsində onlar heç bir tərəfi saxlamırlar, dövlətin çətin günündə oradan qaçmağa çalışırlar. Halbuki prinsipcə onlar bu gün Bəşşar Əsəd rejimini müdafiə etməli idilər", - deputat deyib.
O hesab edir ki, Ermənistan hər bir vəclə Suriya ermənilərini Ermənistana və Dağlıq Qarabağa yerləşdirməyə çalışır. "Lakin Suriya erməniləri Ermənistana müvəqqəti sığınacaq kimi baxırlar", - Mirzəzadə vurğulayıb.
Millət vəkili hesab edir ki, ermənilərin əvvəlki planları kimi, bu planı da baş tutmayacaq və Ermənistanın bir çıxış yolu var - işğal etdiyi torpaqlardan qoşunlarını çıxarsın, Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən tanınır.