...

Sabiq britaniyalı nazir: Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğun həyata keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2012 16:21 (UTC +04:00)
Böyük Britaniyanın keçmiş penitensiar xidmət üzrə naziri, millət vəkili Gerri Satklif Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası ilə bağlı Ermənistanın aqressiv mövqeyinə dair Avropa Azərbaycan Cəmiyyətinə (AAC) açıqlama verib.
Sabiq britaniyalı nazir: Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğun həyata keçirilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Böyük Britaniyanın keçmiş penitensiar xidmət üzrə naziri, millət vəkili Gerri Satklif Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası ilə bağlı Ermənistanın aqressiv mövqeyinə dair Avropa Azərbaycan Cəmiyyətinə (AAC) açıqlama verib.

AAC-dən Trend-ə daxil olan məlumata görə, Satklif bildirib ki, Ramil Səfərovun həbs cəzasının davam etdirilməsi üçün Azərbaycana ekstradisiyası və bunun ardınca da əfv olunması Ermənistan hökuməti, erməni diasporu və onun havadarları arasında odlu fırtınaya səbəb olub. Nəticədə, Azərbaycan diplomatları hədələndi, Macarıstanla diplomatik əlaqələr kəskinləşdi, Ermənistan prezidentinin müharibəyə çağırışları artdı və Səfərovun özü hədəf seçildi.

"Bunu da qeyd etmək lazımdır ki, mətbuat və müxtəlif Avropa ölkələrinin parlamentlərinin bəzi üzvləri bu barədə mühakimə yürütməkdə tələskənliyə yol verdilər. Lakin nəzərə almaq lazımdır ki, Səfərovun ekstradisiyası "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına uyğun həyata keçirilib. Bundan əlavə, Ermənistan özü son 20 ildə terror hücumlarına görə məhkum olunan bir sıra vətəndaşlarını əfv edib. Əlbəttə ki, bu məsələnin fonunda Dağlıq Qarabağ münaqişəsi zamanı indiki Ermənistan prezidenti də daxil olmaqla, minlərlə azərbaycanlını qətlə yetirmiş heç bir erməniyə qarşı məhkəmə iddasının qaldırılmaması faktı da gündəmə gəlir", - Satklifin AAC-yə daxil olan məktubunda qeyd edilib.

Satklif deyib ki, BMT Təhlükəsizlik Şürasının qoşunların çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Ermənistanın tərəddüd etmədən Azərbaycanın bir milyona yaxın vətəndaşını didərgin salaraq, demək olar ki, ərazisinin 20%-ni işğal etməsi ilə tərəflər arasında yaranan 20 illik pat vəziyyəti bu günədək davam edir.

"Avropa sərhədindəki bu açıq yaranın irinləməsinə artıq yol verilə bilməz. Zorakılıq və zorakılıq hədəsi daha çox zorakılıq törədir. Bütün tərəflərin sakit başla və siyasətlə hərəkət etməsi vaxtıdır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə, nəhayət ki, son qoyulması üçün öz rolunu oynamalıdır", - o bildirib.

Qeyd edək ki, Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvləri Ken Maginnis, Lord Laird və Lord Kilkluni də Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası ilə bağlı Ermənistanın hakim dairələri və erməni terror təşkilatlarının aqressiv mövqeyi və təhdidlərinə münasibət bildirərək, bu ekstradisiyanı qanunayğun hesab edib, Ermənistanın erməni terrorçuları əfv etməsinə dair faktları xatırladıb, Səfərovun doğulduğu Cəbrayıl rayonunun 20 ildir ki erməni işğalı altında olduğuna diqqəti cəlb edib, Ermənistanı təmkinli olmağa dəvət ediblər.

Xəbər lenti

Xəbər lenti