Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/
Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birgə aparılan araşdırmalar nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində vurulan ziyan ilkin hesablamalara görə, 300 milyard dollardan coxdur və bu məbləğ daha da çoxalacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, əvvələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyən ziyanının məbləği 60-70 milyard dollar həcmində hesablanırdı.
"Lakin Milli Məcilisin üzvü Xanhüseyn Kazımlı beynəlxalq qiymətləndirmə təşkilatlarını cəlb etməklə vurulan ziyanı yenidən hesablamaq təklifini verdi. Ölkə rəhbəri bizə bu barədə tapşırıq verdi, biz bu məsələni araşdırdıq. Müəyyən tədbirlər həyata keçirilib və bu proses davam edir",- Həsənov qeyd edib.
O bildirib ki, Ermənistan tərəfi nə vaxtsa bu ziyanı ödəməyə məcbur olacaq.
Həsənov hazırda Ermənistanın dövlət büdcəsinin 3 milyard dollar olduğunu da nəzərə çatdırıb. O, Ermənistanın bu ziyanı necə ödəyəcəyinin cox böyük sual altında olduğunu bildirib.
"Azərbaycan höküməti bütün bu tələblərini beynəlxalq qurumlara təqdim edəcək. Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən gələcəkmi? Bu, çox böyük sual altındadır", - Həsənov əlavə edib.
O bildirib ki, buna görə də Erməistan tərəfi bütün bunları nəzərə alaraq konstruktiv mövqeyə gəlməlidir. Əgər Ermənistan konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləsi imzalanarsa, barışıq, geriyə qayıdış prosesi başlayarsa, Azərbaycan tərəfi təzminatların ödənilməsində müəyyən güzəştlər edə bilər. Əks halda, Azərbaycan hökuməti öz iddialarını beynəlxalq qurumlara təqdim edəcək.